MSK DSK-nın qərarını ləğv edib, seçki dairəsi xüsusi nəzarətə götürülüb
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 1 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. “Report” xəbər verir ki, 35 saylı Xətai üçüncü seçki dairəsindən namizədliyi qeydə alınmayan Abbasov Rauf Çərkəz oğlu MSK-ya müraciət edib. Onun müraciəti haqqında MSK-nın katibi Arifə Muxtarova məlumat verib. Katibin sözlərinə görə, R.Abbasov müraciətində qeyd edib ki, Dairə Seçki Komissiyası (DSK) onun namizədliyinin qeydə alınmasından əsassız olaraq imtina edib: “Məsələni Mərkəzi Seçki Komissiyasının ekspert qrupu araşdırıb. Qərarda namizədliyin qeydə alınmasından imtina edilmənin səbəbləri göstərilməyib”. Müzakirələrdən sonra MSK namizədin qeydə alınmasından imtina edilməsi ilə bağlı DSK-nın qərarını ləğv edib. MSK sədrinin müavini Rövzət Qasımov deyib ki, həmin seçki dairəsi xüsusi nəzarətə götürülsün: “Çünki ola bilər ki, həmin seçki dairəsi bizə gələcəkdə müəyyən problemlər yarada bilər”.