Ekspert: “Yol polisinin maketləri lazımi effekti vermir”
Ötən il yol-nəqliyyat hadisələrinin qarşısını almaq, sürücüləri qaydalara əməl etməyə səsləmək məqsədilə yeni təcrübədən istifadə edildi. Belə ki, yollarda Yol Patrul Xidməti (YPX) avtomobillərinin maketləri quraşdırıldı.   Maket kənardan baxanda patrul avtomobili kimi görünür. Maketlərin quraşdırılmasında məqsəd sürücülərin sürət həddini aşmasına mane olmaq, yarana biləcək qəzanın əvvəlcədən qarşısını almaq idi. Qaydaya görə, sürücülər maketlərin yerini əzbər bilməsin deyə onların yeri tez-tez dəyişdirilməli idi. Lakin bəzi yollarda bu maketlər quraşdırılsa da, demək olar ki, üsulun tətbiqi geniş yayılmadı. Quraşdırılan maketlər ya eyni yerdə qalır, ya da ümumiyyətlə nadir hallarda rast gəlinir.   Maraqlıdır, bu üsul niyə geniş tətbiq edilmir? Maketlərin çoxaldılması istiqamətində işlər gedirmi?   Bununla bağlı Modern.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bəzi yollarda quraşdırılan avtomobil maketlərinin vətəndaşlar tərəfindən sökülüb aparıldığını deyir:   “Maketlərin quraşdırılması məsələsi bir çox dünya ölkələrində mövcuddur. Bizdə də ötən il belə maketlərin yollarda quraşdırılması istiqamətində işlər getdi. Lakin çox təəssüf ki, hələ bu prosesi qəbul etməyən bəzi vətəndaşlar maketləri oğurladılar. Ümumiyyətlə, maketlərin daimi olaraq bir yerdə qalması heç bir uğurlu nəticə vermir, verməyəcək. Gərək mütəmadi olaraq bu maketlərin yeri dəyişdirilsin. Çünki mütəmadi olaraq qaydaları pozan sürücülər bütün yolları, daha doğrusu daimi olaraq bir yerdə olan maketlərin yerini əzbər bilirlər. Ona görə də hazırda quraşdırılan maketlər lazımi effekti vermir”.