Yunanıstan Türkiyənin Liviya ilə bağlı planlarını bloklamaq istəyir
Yunanıstan baş naziri Kiriakos Misotakis rəhbərlik etdiyi hökumətin Liviya üzrə Berlin konfransının qərarlarını veto edəcəyini açıqlayıb. Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, yunan baş nazir rəsmi Ankara və Tripoli arasında imzalanan “Dəniz zonalarının hüdudlaşdırılması” və “Hərbi əməkdaşlıq haqqında” sazişlərin ləğv olunmadığı təqdirdə Avropa Birliyinin Liviya məsələsindəki mövqeyini bloklayacaqlarını bildirib. Yerli “Alfa” kanalına müsahibəsində K.Misotakis Türkiyə-Liviya memorandumunu qeyri-qanuni adlandırıb və Yunanıstanın Avropa Birliyi zirvəsi səviyyəsində Liviya ilə bağlı üzərinə heç bir öhdəlik götürməyəcəyini söyləyib. O, veto qərarlarını xarici işlər nazirləri səviyyəsində də qoyacaqlarını vurğulayıb. Onun sözlərinə görə, Yunanıstan öz mövqeyini Avropa Birliyinə göndərdiyi məktubda da açıqlayıb. Bundan başqa yunan baş nazir Berlin konfransına dəvət edilmədiklərindən dolayı qəzəbini ifadə edib. Qeyd etmək lazımdır ki, Türkiyə adı çəkilən memorandumu Liviyanın BMT tətəfindən tək legitim olaraq qəbul edilən Fayiz Sərrac hökumətu ilə imzalayıb. Liviya hökuməti həmçinin marşal Xəlifə Haftar ordusuna qarşı dayanmaq üçün Türkiyədən hərbi yardım da tələb edib. Ərəb mətbuatının yazıdğına görə, Berlin konfransında həm Haftar, həm də Sərrac bərabər tərəf olaraq iştirak edəcəklər. Haftarın görüşdən qabaq gizlicə xüsusi təyyarə ilə Yunanıstana gələrək burada məxfi görüşlər keçirdiyi bildirlir.