“20 yanvar səhəri Mərkəzi Komitə qarşısında ilk etiraz mitinqi keçirildi”-Aydın Kazımov
Hər zaman 20 yanvar matəm günü televiziyada faciə ilə əlaqədar materialları izləyirəm, lakin işğalın ilk günü keçirilən etiraz mitinqi ilə əlaqədar heç bir məlumat verilmir, ba hadisə illərdir heç bir yerdə qeyd olunmur. Düşünürəm, görəsən niyə bu barədə məlumat verilmir, özümün də iştirakçısı olduğum 20 yanvar səhəri tarixi faktları qeyd etmək məcburiyyətində oldum. Belə ki, 20 yanvar səhəri Mərkəzi Komitə qarşısında ilk etiraz mitinqinin keçirilməsi, xalqın müqavimət hərəkatının başlanması və sonradan hadisələrin necə cərəyan etməsini nəzərinizə çatdırmaq qərarına gəldim. Səhər saat 6:00-da dostum Abdulvahab mənə zəng edərək Sovet Ordusunun Bakıya daxil olmasını, qırğın törətdiyini və təcili Mərkəzi Komitə qarşısına gəlmək lazım olduğunu bildirdi. Mərkəzi Komitə qarşısında az miqdarda şəhər sakinləri vardı, güman etdim ki, onlar burada gecədən qalmış şəxslər idi. Əhali həyəcanlı və qorxu içində idi və nə etmək lazım olduğunu bilmirdi. Orada respublikanın rəhbər şəxslərindən heç kəs yox idi. Abdulvahabla görüşdük.O Sosial Demokrat Partiyasından idi və mənimlə dostluq edirdi. Mərkəzi Komitənin ətrafı mühasirəyə alınmış, ətrafda və əsasən də Filarmoniyanın qarşısında tanklar dayanmışdı. Fikirləşdik ki, nə etmək lazımdır. Tezliklə xalqımızın Azadlıq hərəkatından tanıdığımız və sevimli şairimiz Sabir  Rüstəmxanlı oraya gəldi.

Sabir bəy bildirdi ki, ordu Bakını işğal etmiş, çoxlu sayda vətəndaşlarımız şəhid olmuşdur. Məsləhətləşmə apardıq, Sabir Rüstəmxanlı qeyd etdi ki, müqavimət göstərməliyik, yoxsa çox çətin vəziyyət yarana bilər. Xalq hərəkatından tanıdığımız rəhmətlik Məhəmməd Hətami və Qüdrət Əbdülsəlimzadə də bizə yaxınlaşdı. Xalqı məlumatlandırmağı və etiraz mitinqi keçirməyə qərar verdik. Sabir Rüstəmxanlı, Abdulvahab Manafov, Hatəmi, Qüdrət Əbdülsəlimzadə və mən -Aydın Kazımov Mərkəzi Komitə qarşısında yüksəkliyə qalxmaq və oradan mitinqi idarə etmək lazım olduğunu bildirdik. Bir neçə dəfə cəhd göstərdik. İlk cəhddə Filarmoniya qarşısında dayanan tanklar hərəkət etməyə başladı, lülələrini bizə yönəltdilər və hər an atəş açacaqlarını gözləyirdik. Bir anlığa geri çəkildik, elə bu zaman Sabir bəy və Hatəmi bildirdilər ki, bizi öldürsələr də biz təşəbbüsü ələ almalıyıq. Növbəti cəhdimiz baş tutdu, biz yuxarı qalxa bildik və bizə iki nəfər toplantı iştirakçıları da qoşuldu. Yaxşı yadımdadır ,bu şəxslərdən biri bizi qoruyurdu və bildirdi ki, Balakəndən gəlmişdir. Adı yadımda qalmamışdır. Tanklardan biri bizə tərəf hərəkət etməyə başladı, elə bu zaman toplantı iştirakçılarından biri özünü tankın altına atdı, tank irəli hərəkət etdi, sonra dayandı. Həmin yoldaş xəsarət aldı, biz yerimizdən tərpənmədik. Qərara gəldik ki, nəyin bahasına olursa-olsun mitinqə başlamalıyıq, xalq ruhlanırdı və alqışlarla bizi salamlayırdı.

Hətəmi bizə qara parça payladı, matəm elan etdik və parçaları alnımıza bağladıq, Sovet Ordusunun Bakıya yeridildiyi zaman həlak olan şəhidləri sükutla yad etdik. Bir dəstə şəxs Mərkəzi Komitənin qarşısındakı divara “Qorbaçov sən canisən” və s. sözlər yazdı, bu epizod hər dəfə televiziya ekranlarında göstərilir. Orada çəkiliş aparılırdı. Sabir bəy Sovet dövlətinin və kommunist rejiminin Bakıya ordu yeritdiyini pislədi və ordunun çıxarılmasını tələb etdi.

Hatəmi və digər çıxış edənlər xalqımızın qəhrəmanlıq göstərdiyini və gecə vaxtı silahsız olaraq tankları qarşısına çıxaraq onların şəhərə daxil olmasının qarşısını aldıqlarını bildirdilər. Mərkəzi Komitənin qarşısı qərargaha çevrildi və burada mühüm qərarlar verildi. Bakının hər yerindən buraya axışan sakinlər həlak olanlar barədə məlumat verir və Sovet Ordusuna lənət oxuyurdular. Şəhidlərin çox olması və əhali axınının davam etməsi ilə əlaqədar biz təcili məsləhətləşmə apardıq və qərara gəldik ki, şəhidlərimizin dəfnini keçmiş Dagüstü parkda təşkil edək və bu qərarı elan etdik. Rəhmətlik Qüdrət Əbdülsəlimzadəni dəfn komissiyasının rəhbəri elan etdik, çoxlu sayda komissiya üzvləri qeydə alındı və məzarların qazılması üçün tədbirlər həyata keçirdik. Onun rəhbərliyi ilə onlarla vətəndaşımızı məzarlıq qazılması işinə səfərbər etdik. Artıq proses başlanmış, demək olar ki, müqavimət hərəkatı yaranmışdı. Mitinq uzun müddət davam etdi və gün ərzində xalqımız bütün məlumatları meydandan alırdı. Hərbi vəziyyət elan olunmasına baxmayaraq demək olar ki, yuxarıda qeyd olunanlar və digər şəxslər 20 yanvar 1990-cı ildə qəhrəmanlıq göstərərək mübarizə apardılar.

  Aydın Kazımov