İranın daha bir komandiri öldürüldü
İran İnqilab Keşikçiləri Korpusunun tərkibində olan könüllü Bəsic milis təşkilatının komandiri Əbdülhüseyn Mücəddəmi maskalı şəxslərin evinə etdiyi basqın nəticəsində öldürülüb.
Qaynarinfo xəbər verir ki, bu barədə İranın Fars xəbər agentliyi məlumat yayıb. Faktla bağlı cinayət işi açılıb. Hadisənin kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.
Qeyd edək ki, İranda davam edən nümayişlərdə İnqilab Keşikiləri ilə birgə iştirak edən Bəsic milis qüvvələri aksiya iştirakçılarının aqressiyasına tuş gəlir.
Tam adı Bəsic İnqilab Gücü olan təşkilat 1979-cu il inqilabından dərhal sonra İmam Xumeyninin tapşırığı ilə yaradılıb. Qüvvələr İran-İraq müharibəsində İnqilab Keşikçiləri Korpusu ilə birgə iştirak edib. Dini liderə birbaşa bağlı olan təşkilatın yaradılmasında məqsəd rejimin qorunmasıdır. Rəsmi geyimləri olmadığı üçün "mülki qiyafəlilər" adı ilə tanınan milislərin silah gəzdirmə hüququ yoxdur. Özlərinə aid idarələri və sorğu yerləri olan bəsicçilər küçədə yeriyərkən vətəndaşlardan kimlik tələb edə və ya sorğu üçün mərkəzə apara bilərlər.