Təhsil eksperti nazirin fikrini şərh etdi: Məktəbli geyimləri...
"Məktəbli geyimlərin tikilməsi ilə Bakı Tikiş Evi (BTE) məşğul olmamalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Təhsil naziri Ceyhun Bayramovun ötən ilin yekunlarına dair mətbuat konfansında məktəbli formaları barədə səsləndirdiyi fikirləri şərh edərkən deyib. Onun sözlərinə görə, hər məktəb öz şagirdləri üçün vahid geyim forması tətbiq edə bilərdi:
"İlk növbədə qeyd edim ki, ölkəmizdə məktəbli forması ənənəsi kütləvi şəkildə sovetlər dövründə tətbiq edilməyə başlayıb. Nazirlər Kabinetinin 2011-ci il tarixli qərarı ilə təsdiq edilən Ümumtəhsil Məktəblərinin Nümunəvi Nizamnaməsinə əsasən, orta təhsil alanların geyim forması hər məktəbin öz nizamnaməsi ilə müəyyən olunurdu. Yəni, hər məktəb öz şagirdləri üçün vahid geyim forması tətbiq edə bilərdi. Həmin prosesə nəzarət də elə məktəbin özü tərəfindən həyata keçirilirdi. Amma Prezident İlham Əliyevin imzaladığı "Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmana əsasən, dövlət ümumtəhsil müəssisəsində təhsil alanlar üçün vahid geyim formaları tətbiq edilməlidir. Belə ki, Təhsil Nazirliyi tərəfindən 4-5 vahid məktəbli geyimi formaları təsdiqlənəcək və təhsil müəssisələri yalnız bu geyimlərdən istifadə edə biləcəklər. Ümumtəhsil məktəblərində şagirdlər üçün vahid formada məktəbli geyiminin tətbiqi uzun illərdən bəri təhsil sistemində mütərəqqi ənənələrdən biri olub. Maddi imkanlarından asılı olmayaraq, bütün şagirdlərin məktəbə eyni geyimdə gəlməsi sosial bərabərliyin real nümunələrindən biri kimi həmişə bəyənilib, məktəblilərin mənəvi tərbiyəsinə, təlimin demokratik əsaslarda qurulmasına müsbət təsir göstərib. Respublikamızın, habelə yaxın və uzaq xarici ölkələrin bu sahədəki təcrübəsi göstərir ki, məktəbli forması təhsil aldıqları müəssisədə, eyni zamanda ictimai həyatda şagirdlərin öz fəaliyyətlərinə və davranışlarına məsuliyyətlə yanaşmalarında, cəmiyyətdə özlərinə qarşı hörmət və rəğbət hissi oyadılmasında, bütövlükdə məktəbin nüfuzunun qaldırılmasında əhəmiyyətli rol oynayır. Bu gün ölkəmizdə fəaliyyət göstərən 4472 orta məktəbdə təhsil alan 1.6 milyon şagirdin hər biri vahid məktəbli forması ilə tədris prosesinin iştirakçısına çevrilir. Amma bu o demək deyil ki, bütün məktəblər eyni məktəbli formasında istifadə etməlidir”.
Kamran Əsədov qeyd edib ki, hər bir məktəbin pedaqoji şurası qərar qəbul edib təklif edilmiş 4-5 layihədən istədikləri dizaynda forma müəyyən edə bilərlər:
"Yəni, ayrı-ayrı məktəblər üçün material və dizayn baxımından fərqli geyim formasının mövcud olması mümkündür və bu barədə məhdudiyyət yoxdur. Bir vacib məqamı qeyd edim ki, məktəbli formasının tətbiqi barədə tədbirlər hər bir məktəb üzrə bilavasitə valideyn komitəsinin, məktəb-valideyn assosiasiyasının, şagird özünüidarə təşkilatının iştirakı ilə müzakirə edilib müvafiq qərar alınandan sonra qəbul edilə bilər. Heç bir məktəb rəhbəri bununla bağlı təkbaşına qərar qəbul edə bilməz. Rayonlarda məktbli formasından istifadə ilə bağlı müəyyən çatışmazlıqlar var. Bu da hava şəraiti ilə bağlıdır. Soyuq havalarda məktəbli formaları nazik olduğu üçün uşaqlar üşüyürlər, onlara soyuq olur. Ona görə də daha çox qış aylarında bu hal baş verir. Hesab edirəm ki, məktəbli formaları iqlim və hava şəraitinə görə təşkil olunsa, ondan istifadə ilə bağlı problem olmaz. Digər tərəfdən isə geyimlərin tikilməsi ilə Bakı Tikiş Evi (BTE) məşğul olmamalıdır. Bu keyfiyyətə ciddi təsir görtərə və rəqabət mühitini aşağı sala bilər. Ona görə də Təhsil Nazirliyi 4-5 eskizi məyyən edib ictimaiyyətə təqdim etməli və məktəblərə göndərməlidir. Onun standartlara uyğun olaraq tikilməsini valideyinlər ya fərdi qaydada, ya kollektiv şəkildə, ya da, məktəblə birlikdə həyata keçirməlidirlər”.
Qeyd edək ki, Təhsil naziri Ceyhun Bayramov ötən ilin yekunlarına dair mətbuat konfansında məktəbli formaları barədə danışıb. İlin soyuq aylarında qızların qısa ətəklərdə üşüməsi ilə bağlı valideynlərin şikayətinə və şalvardan istifadə məsələsinə də toxunan nazir "Təkliflər olarsa, dəyişikliklər ola bilər", - deyə bildirib.