“Əvvəlki yazarlar daha yoxdur....”
Tarixi-milli qəhrəmanlıq zəminində ərsəyə gətirilən kino və tamaşaların azlığı, bu sahəyə daha çox diqqət ayırmağın zəruriliyi hər zaman ölkə ziyalılarını, vətənpərvər insanları dşündürən, narahat edən başlıca məsələlərdən biridir. Nə qədər qəribə olsa da, bütün dünyada teatr və kino mili-tarixi şüurun ən böyük təbliğat vasitəsi olduğu halda, Azərbaycanda ölkə həqiqətlərinin, tarixi qəhrəmanların təbliği məsələsində bu imkandan yetərincə istifadə edilmir.   Moderator.az-a açıqlama verən xalq artisti Valeh Kərimov bunun səbəblərindən biri kimi yazıçıların əvvəlki kimi əsərlər yazmadığını vurğuladı:   “Təəssüflə də olsa qeyd etməliyik ki, bunun səbəblərindən biri əvvəlki yazarların yoxluğudur. İndi yazıçılar arasında bu kimi məsələlərə diqqət edən, bununla bağlı əsərlər yazan insanların sayı həddindən artıq azdır. Bir çox yazarlar da daha çox şou yazır, bununla gündəmə gəlməyə çalışırlar. Bu sahədəki boşluq özünü kino və teatr sahəsində də göstərir. Ona görə də əgər biz teatr və kinodakı bu problemi həll etmək istəyiriksə, öncə yazıçılarla bağlı bu məsələni həll etməliyik. Yalnız bundan sonra teatr və kinoda vətənpərvərlik, milli tarix və qəhrəmanlıqla bağlı film və tamaşalaırn sayını çoxaltmaq, bu sahədə ciddi bir irəliləyişə nail olmaq olar”.