Koronavirus Azərbaycandan gətirilən pomidoru BAHALAŞDIRDI: Kilosu 18 manat
Rusiyanın koronavirusa görə Çinlə sərhədi bağlamasına görə meyvə-tərəvəz qiymətləri kəskin bahalaşıb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Primorsk vilayətində xiyar və pomidorlar qiymətləri bir neçə dəfə bahalaşıb. Belə ki, Azərbaycandan gətirilən xiyarın 1 kiloqramı 400 rubl (10,7 manat), pomidorun qiyməti isə 700 rubla (18,7 manat) çatıb.     Rusiyanın müxtəlif şəhərlərində yerləşən Çin restoranları da ciddi gəlir itkisi ilə üzləşib. Belə ki, Moskvadakı “J.Z. Peking Duck” restoranı gəlirlərin 2 qat azalmasından şikayətləniblər. “Vəziyyət absurd hal alır: müştərilər gəlib sifariş verir, Yaponiya və Qazaxıstandan gələn qonaqları görüb panika içində restoranı tərk edirlər”- deyə restoranın baş direktoru Natalya Boqomolova açıqlama verib.   Bundan əvvəl, “Maqnit” şəbəkəsi də Çindən meyvə-tərəvəzin alınmasını dayandırmışdı. İnsanlarda sətəlcəm yaradan koronavirus 2019-cu ilin dekabrından Çində sürətlə yayılır. Xəstəlikdən ölənlərin sayı 400-ü, yoluxanların sayı isə 20 mini keçib. Xatırladaq ki, 2018-ci ildə Azərbaycandan Rusiyaya 172 min ton, 2019-cu ildə isə 175 min ton pomidor idxal olunub.