Bakı zooparkı yeni görkəmdə - macəra körpüsü, heyvanlar təbiətdə...
Bakı Zooloji Parkı 2019-cu il  fevral ayının 2-sindən etibarən təmir-tikinti və yenidənqurma işləri ilə əlaqədar olaraq ziyarətçilərinin üzünə bağlanılıb. Hərkəsə maraqlıdır ki, yeni zoopark nə vaxt stifadəyə veriləcək? Ziyarətçiləri hansı surprizlər gözləyir? Bununla bağlı Bakı Zooloji Parkının direktoru Azər Hüseynovla əlaqə saxladıq.   Azər Hüseynov Modern.az-a zooparkın istifadəyə verilməsi vaxtının gizli saxlandığını bildirib:   “Bilirəm ki, hər kəs açılış vaxtını gözləyir. Qoy bu hələ ki sirr qalsın. Məlumat üçün bildirək ki, zooparka yeni heyvanlar gətiriləcək. Əvvəlcədən demək istəmirəm, hansı heyvanlar gətiriləcək. Çünki ola bilər ki, nəzərdə tutduğumuz heyvanın ölkəyə gətirilməsində müəyyən manelər yaransın. Ancaq çox güman ki, hər biri gətiriləcək. Gələndən sonra, elan olunacaq ki, hansı heyvanlar yenidir”.   Bakı Zooloji Parkının tikinti layihəsinin rəhbəri Ramin Vəliyev isə yeni zooparkın görüntüsü haqqında maraqlı məlumatlar verib:   “Ümumi zooparkın açılmağı ilə bağlı konkret tarixi demək çətindir. Çünki elə layihələrimiz var bitib, eləsi də var ki, hələ yarımçıq qalıb. Biz müvəqqəti Qaradağ rayonunda zoopark tikmişik, bütün heyvanlar da ora yerləşdirilib. İndi onların da zooparka köçürülməsi məsələsi hardasa  bir  ay çəkəcək. Tikinti işləri çox gözəl şəraitdə aparılır,köhnə zooparkdan demək olar ki,heç bir əsər-əlamət qalmayıb. Köhnə zoopark təmamilə yenidən qurulur. Əvvəlki zooparkın ərazisi 2 hektar təşkil edirdi. Hazırda yeni zooparkın ərazisi 4,15 hektara qədər artırılıb. Bütün qəfəslər götürülüb, heyvanları təbiətdəki kimi açıq şəkildə hərəkət edəcəklər. Təbii ki, insanların hərəkətlərində müəyyən məhdudiyyətlər olacaq. İnsanların əyləncəsi üçün restoranlar, kafelər tikilib. Hətta böyük  akvaterrarium binası tikilir, içərisində böyük akvariumlar olacaq. Düşünürük ki, üzərində də restoran olsun. Heyvanlar üçün dünya standartlarına uyğun klinika tikilib. Bu klinika tək zoopark heyvaları üçün nəzərdə tutulmayıb, kimsə istəsə öz heyvanını bura gətirib bütün problemlərini həll edə bilər”.   Ramin Vəliyev zooparkın inzibati binasının tikilərək hazır vəziyyətdə olduğunu söyləyib:   “Layihələndirmə məsələsində Rusiyanın tanınmış bir şirkəti ilə birgə işləyirik. Bu şirkət dünyada 130-a yaxın zoopark tikib.Məlumat üçün bildirim ki, Bakı Zooloji Parkın Avropa Zoopark Assosasiyasına üzv olunması üçün sənədlər hazırlanır. Bizim əsas məqsədimiz odur ki, Avropa Zoopark Assosasiyasına üzv olduqdan sonra heyvanların mübadiləsi məsələsində rahatlığı təmin edək. Əminliklə deyə bilərik ki, Bakı Zooloji Parkı dünyada 10 əsas zoopark siyahısına daxil ola biləcək səviyyədə qurulub. Hətta hər bir heyvan üçün şəlalələr, göllər təşkil olunub. Macəra körpüsü qurulub ki, onun üstündə gəzən insanlar yuxarıdan bütün heyvanları görə biləcək. Təbii ki, təhlükəsizlik məsələsi bizim əsas məqsədlərimizdən biridir”.