“Telekanallarımızdakı toy-bayram ab-havası millətin mədəniyyətinə qarşı soyqırımdır...”
“Çox istərdim ki, kanal rəhbərliyi və Bədii Şuralar da buna nəzarət etsinlər. Reytinqlərdən, reklamlardan üstün millətin maarifləndirilməsidir. Biz bu məsuliyyəti dərk ediriksə, ya heç bir şey göstərməməliyik, ya da çox çalışıb keyfiyyətli məhsul təqdim etməliyik”
Bunu Moderator.az-a açıqlamasında “Euravision-2011” musabiqəsinin qalibi, müğənni Eldar Qasımov efirlərimizdə toy mahnılarının səsləndirilməsi haqda danışarkən deyib. E.Qasımov bunun yolverilməz olduğunu bildirib: 
“Televiziyalar haqda səsləndiriyim fikirlərdən sonra çoxlu müsbət rəylər almışam və bu da məni sevindirib. İnsanlar həqiqətən anlamağa başlayırlar ki, televiziyaların fəaliyyəti dəyişməlidir. Çox istərdim ki, kanal rəhbərliyi və Bədii Şuralar da buna nəzarət etsinlər. Reytinqlərdən, reklamlardan üstün millətin maarifləndirilməsidir. Biz bu məsuliyyəti dərk ediriksə, ya heç bir şey göstərməməliyik, ya da çox çalışıb keyfiyyətli məhsul təqdim etməliyik. Hətta əyləncə verilişləri də başqa cür olmalıdır. Əksər telekanallar ev əyləncəsini efirə çıxarırlar. Efir mədəniyyəti, etikası deyilən bir şey var və buna riayət olunmalıdır. Dünyada bütün müğənnilər toylarda iştirak edirlər və onların qazancı toylardan olur. Konsertlərində isə əldə olunan qazanclarının yarısı vergiyə və işçilərin əmək haqqısına çıxılır, çünki onlar çox çalışırlar. Biz müstəqil dövlətdə yaşayırıq, artıq dünya telekanallarına baxmaq imkanlarımız var. Hələ qardaş Türkiyənin özündə belə bayağı nəsə varsa, bir-iki telekanalda ola bilər, ümumi olaraq heç bir telekanalda bu baş verə bilməz. Telekanallarımızı toy-bayram ab-havasına çevirmək olmaz, bu millətin mədəniyyətinə qarşı soyqırımdır. Əlbəttə, bizim mədəniyyətimizdə toylar da, bayramlar da var və biz bunu həmişə keçiririk. Lakin bunu bağlı qapı arxasında, ailə, qohumlar, tanışlar bilməlidir. Belə tədbirlərimizi ölkə ictimaiyyətinə təqdim etmək olmaz, mənim fikrim budur”. 
E.Qasımov fikirlərinə görə ondan inciyən aparıcı və müğənnilərə də mesaj göndərib:
“Məndən bu fikirlərimə görə inciyənlər isə aparıcılar, təşkilatçılar və ya da bu cür mahnı oxuyub pul qazanan müğənnilər ola bilər. Həmin aparıcılar da efirləri bu cür “xəstələrin” meydanına çevirirlər. Düşünürəm ki, fikirlərimə görə kimlərinsə məndən incimələri də normaldır və məncə həmin adamlar Azərbaycan mədəniyyətinin düşmənləridir və istəmirəm ki, onlar əhatəmdə olsunlar. Həqiqətən acınacaqlı vəziyyətdir. Bu gün oxuyanları da qınamaq olmaz, çünki onların da bacarığı odur və onlar da nəyi bacarırlar, onu da oxuyurlar. Məsuliyyəti bu cür oxuyanları efirə çıxaranlar daşıyır. Mən kimisə qıcıqlandırmaq üçün yox, xalqım üçün deyirəm ki, onlar pisi-yaxşıdan ayırsınlar”.