Azərbaycan televiziyasının ilk efir ili – 1956
Azərbaycan televiziyasının ilk efir ili – 1956 İlk efir günü “Bəxtiyar” filmi niyə səssiz getmişdi, kamera arxasında kim dayanmışdı, “Məşədi İbad”ın Gülnazı necə diktorluq etmişdi?   Bakı televiziya mərkəzinin tikintisinə 1954-cü ilin sentyabrında başlanıb. İnşaat işlərini o vaxt fəaliyyət göstərən “Neft fondu” maliyyələşdirirdi. Ölkədə hamı TV-ni bir möcüzə kimi gözləyirdi, qəzetlər bu barədə yazırdı, hətta o illərdə buraxılan şagird dəftərlərinin üzərində Koroğlunun heykəlini çap edir və altında yazırdılar ki, tezliklə eyni adlı opera ekranlarda nümayiş etdiriləcək. 1955-ci ilin axırlarında studiya artıq istifadəyə hazır idi və dekabr ayından ara-sıra yoxlama verilişləri aparılırdı. Nəhayət, 1956-cı il fevralın 14-də SovİKP-nin XX qurultayının açılışı günü Bakı studiyası müntəzəm yayıma başladı.   İlk veriliş günü ekranda əvvəlcə sınaq cədvəli göstərilib, sonra aktrisa Nəcibə Məlikova efirdə məşhur "Diqqət, göstərir Bakı!" sözlərini səsləndirib və ölkədə müntəzəm yayımın başlanması münasibətilə tamaşaçıları təbrik edib. Sonra yazıçı Mehdi Hüseyn, xalq şairi Süleyman Rüstəm və TV-nin rəhbərlərindən olan şair-publisist Teymur Əliyev çıxış edərək xalqı bu böyük mədəniyyət hadisəsi münasibətilə təbrik etdilər. Bu çıxışlardan sonra populyar xanəndə Sara Qədimovanın qısa muğam konserti oldu. Daha sonra tamaşaçılar kibrit qutusundan bir az böyük olan ekranda "Bəxtiyar" filminə baxmışdılar. İlk efir günü – həmin tarixi anda studiyada kamera mühəndis Sərvər Quliyev, rejissor pultu arxasında isə Kamil Rüstəmbəyov dayanmışdı. Həmin gün yadda qalan bir hadisə də o idi ki, teleqüllənin inşası sona yetmədiyi üçün studiya antenası 44 metrlik adi neft buruğunda quraşdırılmışdır. Səs siqnallarının ötürülməsi ilə bağlı da nasazlıq meydana çıxmışdı və bu səbəbdən tamaşaçılar filmə səssiz baxmışdılar. Ertəsi günün efirini məşhur aktrisa Hökümə Qurbanova aparmış və həmin filmi yenidən təqdim etmişdir.     İlk dövrdə Azərbaycan televiziyasının tamaşaçı auditoriyası Bakının və ətraf rayonların cəmi 60 min sakinindən ibarət idi. Verilişlər hələ də sınaq xarakteri daşıyırdı və studiya əvvəlcə həftədə 2, sonra isə 3 dəfə və təxminən 2 saat müddətində efirə çıxırdı. Ekranda, əsasən kinofilmlər, kinojurnallar və çəkilmiş hazır konsertlər, ədəbi tamaşalardan parçalar nümayiş etdirilirdi. Moskvadan – Mərkəzi televiziyadan da Bakı studiyasına xeyli hazır lentlər göndərilirdi. Bunlar, əsasən təşviqat xarakterli ictimai-siyasi proqramlar və elmi-kütləvi filmlər olurdu.   Mart-aprel aylarından (1956) başlayaraq studiyadan canlı konsertlər, ictimai-siyasi mövzuda söhbətlər təşkil olunmağa başlayır. «Günün yenilikləri», «Ədəbiyyat və incəsənət», «Məktəb və həyat», «Həkim məsləhəti» kimi jurnal xarakterli verilişlər ekrana çıxır. Həmin ilin iyulunda ekranda ilk iri həcmli tamaşa göstərildi. Azərbaycan televiziyasında yaradıcılıq işinin əsasını qoyanlardan biri – rejissor Rauf Kazımovskinin quruluş verdiyi "Şamdan bəy" (N.Nərimanov) əsərindən bir neçə epizodun uğurla göstərilməsi ölkənin mədəniyyət aləmində böyük rezonansa səbəb oldu və televiziya teatrının əsası qoyuldu.   1956-cı ilin mayından ekranda ilk diktorların görünməsi televiziyanı tamaşaçılara daha da yaxınlaşdırır. İlk diktorlar siyahısına isə Tamara Gözəlova və Nailə Mehdibəyovanın adları yazılır. Məşhur “O olmasın, bu olsun” filmindən tamaşaçılara Gülnaz kimi tanınan T.Gözəlova Azərbaycan dilində olan proqramları, T.Mehdibəyova isə rus dilində verilişləri aparırdı. Sonralar bu siyahıya Sara Manafova, Rəna Nəsirova, Rəxşan Aslanova, Sima Xasıyeva və başqalarının adları əlavə olundu. Bakı televiziya studiyası artıq müntəzəm yayıma başladığı 6 ay ərzində xeyli faydalı iş görə bilmişdi. Həmin günlərdə "Ədəbiyyat və incəsənət" qəzeti (2 sentyabr 1956) yazırdı ki, bu müddətdə "studiya efirdə 100-ə yaxın bədii film göstərmişdir. Bundan başqa həmin müddətdə Bakı tamaşaçıları televiziya ilə müntəzəm olaraq "Sovet Azərbaycanı", "Elm və texnika", "Xarici xronika", "Pioner" adlı kino curnallara da baxmışlar.   Respublikamızın və şəhərimizə qonaq gəlmiş Moskva artistlərinin bir çoxu televiziyada çıxış etmişdilər. Yayıma yeni başladığından telemərkəzdə lazımi aparatlar çatışmırdı. Burada yalnız bir studiya telekamerası, bir də kinofilmlər və diapozitivlər nümayiş etdirmək üçün kinoproyeksiya zalında yerləşən iki kamera vardı. Studiya 30 kvadratmetrlik iki otaqdan ibarət idi. Yarıya bölünmüş bu otaqların birində kinoaparatlar yerləşirdi, o birindən isə diktorların və kiçik musiqi qruplarının çıxışları efirə verilirdi. Lakin bu çətinliklərə baxmayaraq studiyanın kiçik kollektivi maraqlı verilişlər yaradır və tamaşaçıların zövqünü oxşamağa çalışırdı. İlk illərdə efirə çıxan və tamaşaçı rəğbətini qazanan "Azərbaycan bəstəkarlarının portretləri", "Ədəbiyyat və incəsənət", "Azərbaycan ədəbiyyatının klassikləri", "Görkəmli səhnə ustaları", "Bakının teatr və konsert salonlarında", "Lenin mükafatı laureatları", "Məktəb və həyat", "Xalq drujinaçısı", "Bizim qonaqlarımız", "Festival qarşısında" və s. verilişlər bu qəbildən idi. Təbii ki, bu verilişlər nöqsanlardan da xali deyildi. Ənənəvi yaradıcılıq nöqsanları ilə yanaşı həmin dövr proqramlarının əksəriyyətinin rus dilində olmasına da ciddi irad tutulurdu. Məsələn, 1956-cı ilin iyun, iyul, avqust aylarında Azərbaycan dilində cəmi bir mütəxəssis çıxışı verilmişdi. Göstərilən filmlərin isə yalnız ikisi ana dilində olmuşdur. Bakı televiziya studiyasının bu siyasəti tanınmış ziyalıların kəskin etirazı ilə qarşılanırdı.   Qarşıdan Azərbaycan televiziyasının həyatında əlamətdar hadisələrlə zəngin olan 1957-ci il gəlirdi və AzTV həmin ildən başlayaraq göstərilən nöqsanları islah edərək öz fəaliyyətində ciddi dönüş yarada bildi. AzTV tarixində bu əsaslı dönüş isə istedadlı şair və publisist Teymur Əliyevin adı ilə bağlıdır. Onun artıq Respublika Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi adlanan bu quruma sədr təyin edilməsi televiziyanın taleyində həlledici rol oynadı. Yüksək təşkilatçılıq qabiliyyəti və intellektual səviyyəsi, dərin milli düşüncəsi, müasir bədii-estetik zövqü, əsil rəhbərə xas olan peşəkar keyfiyyətləri, prinsipiallığı və tələbkarlığı, eyni zamanda qayğıkeşliyi ilə kollektivin dərin hörmətini qazanaraq bu günədək yaddaşlarda iz qoymuş T.Əliyev Azərbaycan televiziyasının düzgün məcrada inkişafı üçün böyük zəhmət sərf etmişdir.   Qulu Məhərrəmli, professor