“Onlar özlərini deyil, bizi biabır etdilər” — Afaq Bəşirqızı deputatları sərt TƏNQİD ETDİ
Məlum olduğu kimi, fevralın 9-da baş tutan növbədənkənar parlament seçkilərinin ilkin nəticələri artıq açıqlanıb. Və bir sıra dairələrdə ləğvetmə və araşdırma proseslərinə baxmayaraq, əksər millət vəkillərinin adları demək olar ki, məlumdur.
Legion.az azxeber.com-a istinadən xəbər verir ki, tanınmış insənət xadimi Afaq Bəşirqızı bəzi dairələrdə nəticələrin saxtalaşdırılmasına kəskin münasibət nümayiş etdirərək bu dəfə də qətiyyətli fikirlər səsləndirib: Mən başa düşə bilmirəm ki, bunlar yaşlarından, başlarından, xalqın nifrətindən, qınağından niyə utanmadılar? Nə üçün öz namizədliklərini bir də verdilər? Onlar özlərini deyil, bizi biabır etdilər. Xalqı xarici mətbuatın, beynəlxalq müşahidəçilərin dilinə saldılar. Ölkədə isə müəllimlər gözdən düşdülər. Ancaq müəllimləri qınamaq lazım deyil, çünki bizim iradəmiz zəifdir. Nədənsə biz vətən, vətəndaş, namus, qeyrət sözlərini çox zəif aşılayırıq. Mənim hirsim yerə-göyə sığmır. Nə üçün bu saxtakarlıqlara ali seçki orqanı, onun nümayəndələri göz yumurdu? Onlar hara baxırdı? Mütləqmi bütün bunları Prezident bilməli idi? Nə üçün Elza Seyidcahanı, bəzi namizədləri o günə qoydular? Mən onların hansınınsa millət vəkilliyinə layiq olub-olmamasından heç nə deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, axı onlar da bu ölkənin vətəndaşıdır, seçilmək hüquqları var! Onlar da öz potensiallarına, nüfuzlarına güvənib bu addımı atmışdılar. Onlara qarşı bu qədər kobudluq nəyə lazım idi? Amma mən yenə də təkrar seçkilərin şəffaf keçəcəyinə inanıram. Əks halda bu, lap ağ olar. “Belə olan halda sizin təkrar seçkilərdə namizədliyinizi irəli sürmək fikriniz varmı?” sualına Afaq xanımın cavabı belə oldu: “Mən zatən millətin vəkiliyəm. Millət vəkilinin məqamında qorxusundan deyə bilməyəcəyi sözü onsuz da mən anında deyirəm. Məgər bu, mütləq mandatla təsdiq olunmalıdır?! Əgər mandatla təsdiq olumalıdırsa, qoy mandatla olsun. Amma baxaq görək nə olacaq!”