Şərlənərək həbs olunan jurnalistin işi üzrə növbəti məhkəmə prosesi olacaq
Legion.az xəbər verir ki, həbsdə  saxlanılan jurnalist Mahmud   Rasimoğlunun işi ilə  bağlı növbəti məhkəmə prosesi mart ayının 18-nə təyin olunub. Xatırladaq ki, “Qafqaz Xəbər Agentliyi”nin rəhbəri , “Qafqaz Region” İctimai Birliyinin sədri Mahmud Rasimoğlu 3 iyul 2018 tarixində jurnalist fəaliyyətinə görə  saxta ittihamla  BMCMİ-nin əməkdaşları  tərəfindən  həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmədə prokuror  jurnalistə 12 il həbs cəzası verilməsini istəyib ,məhkəməyə sədrlik edən  hakim Fikrət Qəribov da 30 aprel 2019 tarixdə Mahmud Rasimoğlunun (Tağıyev)Azərbaycan Respublikası CM-nin 182.3.2 maddəsi ilə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi haqda hökm çıxarıb.  Bu da məhkəmə iclası başlayandan cəmi 15-20 dəqiqə sonra 12 vərəqli möhürlü sənəddən oxuyan  Fikrət Qəribovun çıxardığı qərarının sifarişli olmasını və  məhkəmənin bunda bilavasitə iştirak etməsini sübut edir.

Qərardan  17 may 2019-ci il tarixində apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətində bildirilir ki, qeyd olunan hökm özbaşınalığın qanunsuz məhsuludur, belə ki, cinayət mühakimə icraatının vəzifə, prinsip və şərtlərinə ziddir, falsifikasiyalara, saxtalıqlara, uydurma fikir və fantaziyalara, məntiqi cəhətdən əsassız mülahizələrə, ehtimallara və yolverilməz sübutlara əsaslanıb, müdafiə hüququnun və insan və vətəndaşın digər konstitusion hüquq və azadlıqlarının kobud pozuntuları ilə çıxarılıb.

  03.07.2019 -cu il tarixdə isə Bakı Apellyasiya Məhkəməsinin hakimi Rizvan Səfərov Fikrət Qəribovun ədalətsiz qərarını dəstəkləyərək birinci  instansiya  məhkəməsinin çıxardığı hökmü  qüvvədə  saxlayıb. Halbuki məhkəmədən əvvəl Rizvan Səfərov bildirib ki,bu işə ümumiyyətlə məhkəmədə baxılmamalıdır.

Bakı Apellyasiya Məhkəməsinin çıxardığı haqsız qərardan jurnalistin vəkillərinin verdiyi  kassasiya şikayətinə Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baxılacaq. Martın 18-nə təyin olunun  məhkəmədə  jurnalistin işi  ilə əlaqədar  hakim  Tahir Kazımovun ədalətli qərar çıxaracağına ümid edirik.