Son 9 ildə 7898 əcnəbi terrorçu Türkiyədən deportasiya edilib
“Suriyanın şimalında “Barış bulağı” hərəkatı başlayandan bu günə kimi 229 əcnəbi terrorçu deportasiya edilib”. APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsinin baş direktoru Abdullah Ayaz deyib. O bildirib ki, həmin şəxslərdən 75 nəfəri Avropa İttifaqına üzv dövlətlərin vətəndaşıdır: “2011-ci ildən isə bu günə kimi 102 fərqli millətdən olan 7898 əcnəbi terrorçu ölkədən deportasiya edilib. Terror təşkilatları ilə əlaqəsi olduğu ehtimal edilən 94 min əcnəbinin ölkəyə girişinə qadağa qoyulub”. Baş direktorun sözlərinə görə, ötən il İstanbulda 118 mindən çox qanunsuz miqrant saxlanılıb ki, onların əksəriyyəti Əfqanıstan və Pakistan vətəndaşlarıdır. A. Ayaz qeyd edib ki, İstanbulda sənədi olmadan yaşayan suriyalıların sayı 7 mindir. O vurğulayıb ki, hazırda Türkiyədə 3 milyon 573 min suriyalı yaşamaqdadır.