ABŞ-da türk əsilli şəxs edam ediləcək
ABŞ məhkəməsi edam hökmünə məhkum olunmuş “Qurd Çingiz” ləqəbli türk əsilli Çingiz Qoçaqərin son apellyasiya şikayətini də təmin etməyib. “Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bununla da onun ölüm hökmü qüvvədə qalıb.  Ç.Qoçaqər Florida qubernatoru Ronald Desantisin təsdiqindən sonra zəhərli iynə ilə edam olunacaq. Məlumata görə, 57 yaşlı “Qurd Çingiz” 2004-cü ildə taksi sürücüsünün boğazını kəsib, pulunu aldıqdan sonra onu maşınla birgə yandırıb. Ç.Qoçaqər məhkəmə prosesində cinayəti boynuna almayıb və ona böhtan atıldığını deyib. Çingiz Qoçaqərin atası Necdət Qoçaqər 1963-cü ildə Kənd Təsərrüfatı Nazirliyinin təhsil proqramı çərçivəsində ABŞ-a gedib. Onun ABŞ-da tanış olduğu Porto-Riko əsilli Karmen Armodor ilə evliliyindən Çingiz Qoçaqər dünyaya gəlib. Ancaq Çingiz 4 yaşında ikən onun atası həyat yoldaşına Türkiyədə 2 arvadının olduğunu etiraf edib. Daha sonra cütlük boşanıb və Çingiz Qoçaqərin atası Türkiyəyə qayıdıb və sonralar avtomobil qəzasında ölüb.