ABŞ-ın Qüdsdəki səfirliyi yenidən Tel Əvivə köçürülə bilər
ABŞ-ın Cənubi Karolina ştatında CBS kanalı tərəfindən yayımlanan müzakirə proqramında Demokrat Partiyanın 7 prezidentliyə namizədi qarşı-qarşıya gəlib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, təhsil, səhiyyə və koronavirusla mübarizə tədbirləri də daxil olmaqda ölkənin daxili siyasəti ilə bağlı bir sıra məsələlərin müzakirə olunduğu proqramda İsrail-Fələstin münasibətlərinə də toxunulub. Namizədlər ikidövlətli həll yolu məsələsində ortaq fikir ifadə ediblər.
Demokratların ən uğurlu namizədi hesab edilən Berni Sanders çıxışında İsrailin baş naziri Binyamin Netanyahunun siyasi xəttini tənqid edib. Onu emosional irqçi adlandıran Sanders ABŞ prezidenti Donald Trampın təktərəfli addımları ilə bu problemin həll olunmayacağı qənaətində olduğunu dilə gətirib.
"Mən yəhudi olmağımla qürur duyuram və İsraildə də yaşamışam. Lakin əfsuslar olsun ki, ölkəni emosional bir irqçi idarə edir. İsrailin təhlükəsiz şəraitdə yaşamaq haqqını tamamilə müdafiə edirik, ancaq Fələstin xalqının da çətinliklərini görməzdən gələ bilmərik", - deyə Sanders bildirib.
O, prezident seçiləcəyi təqdirdə ABŞ-ın Qüdsdəki səfirliyini yenidən Tel Əvivə köçürmək barədə düşünəcəyini ifadə edib.
Digər namizəd Elizabet Uorren isə buna orda yaşayanların qərar verməli olduğunu deyib. İsrail qədər fələstinlilərin də Qüdsdə yaşamaq haqları olduğunu vurğulayan Uorren iki dövlətli həll yolu şərtlərinin ABŞ tərəfindən müəyyənləşdirilə bilinməyəcəyini qeyd edib.
Nyu York şəhərinin keçmiş bələdiyyə sədri və milyarder Maykl Blumberq isə regionda münaqişənin uzun müddətdir davam etdiyini və hər iki toplumun da təhlükəsiz şəraitdə yaşamaq haqqı olduğunu söyləyib.
Namizədlər İdlib gərginliyi mövzusuna da münasibət bildiriblər. Peter Buttiqieq beynəlxalq koalisiya və ortaqlarla əlaqələri möhkəmləndirməyin tərəfdarı olduğunu, Tramp administrasiyasının Yaxın Şərqdə üstünlüyünün qalmadığını deyib. O bildirib ki, ABŞ Yaxın Şərqdə və dünyada etibarını yenidən bərpa etməlidir və Suriyada İran, Rusiya və Türkiyənin sözü bizdən daha çox keçir.
Uorren isə ABŞ-ın Suriyaya hərbi cəhətdən müdaxilə etməməli, lakin humanitar yardımların artırılmalı olduğunu ifadə edib.
Verilişdə Çinlə münasibətlər də müzakirə edilib.
Blubmberq Çinin uzlaşıla biləcək ölkə və liderinin də danışıqlar aparıla biləcək şəxs olduğunu deyib. Lakin prezident seçiləcəyi təqdirdə Çinin ABŞ-dakı kritik yatırımlarına icazə verməyəcəyini bildirib. Blumberqin əksinə Sanders Çinin diktator tərəfindən idarə edildiyini və Si Szinpin ilə işi olmayacağını deyib.