Zəhərlənən ailə: nənə öldü, uşaqlar isə... – Açıqlama
Qobustanda zəhərləndiyi bildirən ailə üzvlərinin vəziyyəti stabildir.

Bu barədə Axar.az-a açıqlamasında TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva deyib. O bildirib ki, ötən gün əməliyyat olunan uşağın vəziyyəti isə ağır olaraq qalır.

R.Əliyeva onu da qeyd edib ki, zəhərlənmənin laboratoriya nəticələri hələlik məlum deyil.

Məsələ ilə bağlı saytımıza açıqlama verən ailə başçısı Elnur Şıxəliyev isə əməliyyat olunan övladının vəziyyətinin normal olduğunu bildirərək, ailəsinin nədən zəhərlənməsi barədə dəqiq məlumat olmadığını söyləyib.

Qeyd edək ki, Qobustanda bir ailənin 5 üzvünün - Şıxəliyev Elnur Amil oğlu, Şıxəliyeva Gülçiçək Bərkdəmir qızı, Şıxəliyev Məhəmməd Elnur oğlu, Şıxəliyeva Könül Elnur qızı və Bakı şəhər sakini Şıxəliyeva Gülminə Gülbaba qızı – siçan dərmanından zəhərlənməsi ilə bağlı mətbuatda məlumat yayılmışdı. Daha sonra isə nənənin - Gülminə Şıxəliyevanın qanda olan dəyişiklikdən beyin qansızması keçirərək rəhmətə getdiyi bildirildi.