Gürcüstanla Ermənistan arasında gediş-gəliş ID kartı ilə mümkün olacaq
“Ermənistan və Gürcüstan vətəndaşları sərhədi ID kartı ilə keçə biləcəklər”. “Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan parlamentin iclasında bildirib. Onun sözlərinə görə, bu barədə Ermənistan və Gürcüstan arasında niyyət memorandumu imzalanıb: “Sənədin icrası nəticəsində vətəndaşlar sərhədi ID kartı ilə keçmək imkanı əldə edəcəklər. Biz bu razılaşmanı həyata keçirmək barədə razılığa gəlmişik”. Razılıq N.Paşinyanın Gürcüstana 3-4 mart tarixində baş tutan rəsmi səfəri çərçivəsində əldə olunub. Bu vaxta qədər hər iki ölkənin vətəndaşları sərhədi yalnız xarici pasportla (adi və biometrik) keçə bilirdilər. İki ölkə arasında ID kartla gediş-gəliş barədə qərarın nə zaman qüvvəyə minəcəyi hələlik məlum deyil. Qeyd edək ki, hazırda Ukrayna və Türkiyə vətəndaşları Gürcüstana ID kartla daxil ola bilir.