Bakıda kişi qardaşı ilə birləşib arvadını qətlə yetirdi
Martın 6-da Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən daş karxanasında Məhəmmədi qəsəbəsində yaşayan Zərnişan Hacıyevanın, Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində isə Natiq Talıbovun qətlə yetirilmiş meyitlərinin tapılmaları barədə DİN-in “102” Zəng Mərkəzinə məlumatlar daxil olub.   Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin münaqişə zəminində Z. Hacıyevanın əri A. Hacıyev və onun qardaşı tərəfindən törədilməsi müəyyən edilib.   Hacıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Digər şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı cinayət işi başlanılıb.