"İstəsəydim onu başqa vaxt başqa adamlar vasitəsilə öldürtdürə bilərdim, amma..."
İstanbulun Bakırköyü 22-ci Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı iş adamı, keçmiş baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılovun qətlində təqsirləndirilən Gözəl Dəmirov və onun sürücüsü Barış Aslanın mühakiməsi davam etdirilib.
Moderator.az "Yeni Sabah"-a istinadla xəbər verir ki, Gözəl Dəmirov məhkəmə istintaqına ifaəsində Etimad İsmayılovu öldürmək niyyətində olmadığını bildirib. “Mən istəsəydim onu başqa vaxt başqa adamlar vasitəsilə öldürtdürə bilərdim. Amma öldürmək niyyətim olmayıb”, -deyə Gözəl Dəmirov iddia edib. Məhkəmədə həmçinin Etimad İsmayılovun işçisi Karina Süleymanova şahid qismində dindirlib. O deyib ki, hadisə baş verən gün ofisdən çıxıb evə getməyə hazırlaşırmış. Həmin vaxt otaqdan silah səsi eşidib: “3 dəfə atəş açıldığını eşitdim. Şübhəli Gözəli qapıdan çıxan gördüm. Etimad İsmayılovla bu hadisədən 2 il əvvəl tanış olmuşdum, bundan bir ay sonra isə Gözəli onun vasitəsilə tanımışam. Onların arasında iş məsələsi ilə bağlı ortaqlıq vardı. Aralarında əvvəllər mübahisə etdiklərinin şahidi olmamışam”. Məhkəmədə İlyas İsmayılov və vəkilləri də iştirak edib. Etimad İsmayılov 2018-ci il sentyabrın 19-da qətlə yetirilib. Araşdırmalar nəticəsində hadisənin Gözəl Dəmirov tərəfindən tərədildi üzə çıxıb və o sürücüsü ilə birlikdə həbs edilib.    Bakırgöy prokurorluğu Gözəl Dəmirovun qəsdən adam öldürməyə görə ömürlük, qanunsuz silah gəzdirməyə görə isə 3 il, Barış Aslana isə cinayətə yardım etdiyinə görə 20, qanunsuz silah gəzdirməyə görə isə 3 il həbs cəzası istəyib.