Dörd ölkədən gələnlərin Gürcüstana girişi sərtləşdirildi
“Gürcüstan Almaniya, Fransa, Avstriya və İspaniyadan gələn şəxslərin ölkəyə daxil olmasını sərtləşdirib”. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria hökumətin iclasında bildirib. Hökumət başçısı deyib ki, həmin ölkələrdən qayıdan bütün Gürcüstan vətəndaşları 14 günlük karantində saxlanılacaq, əcnəbi vətəndaşlar isə koronavirusla bağlı testin cavabı ilə bağlı arayış təqdim etməli və yaxud 14 günlük karantində qalmalı olacaqlar. G.Qaxaria qeyd edib ki, Çin, Cənubi Koreya və İtaliyadan Gürcüstana gələn şəxslər üçün məhdudiyyətlər artıq qüvvədədir.