İtaliya karateçiləri Bakıdakı yarışa gəlməkdən imtina etdilər - RƏSMİ
İtaliya karateçiləri 25-29 mart tarixlərində Bakıda keçiriləcək Avropa çempionatında iştirak etməyəcəklər. Oxu.Az xəbər verir ki, bu barədə İtaliya Cüdo, Karate və MMA Federasiyası iştirak etməmək barədə qərar çıxarıb. Buna səbəb İtaliyada COVID-19 pandemiyasının geniş yayılmasıdır. Federasiyanın Prezidenti Domeniko Falkone Dünya və Avropa Karate Federasiyasının Prezidenti Antonio Espinosdan yarışı təxirə salmağı xahiş edib. Falkone bildirib ki, virus Fransa və İspaniyada da yayılıb, böyük ehtimalla, bu ölkələrin karateçiləri də yarışda iştirak edə bilməyəcək. Hazırda İtaliya Cüdo, Karate və MMA Federasiyası WKF-dən Avropa çempionatının təxirə salınması ilə bağlı qərarı gözləyir. Sözügedən qurum Beynəlxalq Cüdo Federasiyası və Ümumdünya Güləş Birliyinin bəzi yarışlar barədə eyni qərarı çıxardığını bildirib. Onlar buna nümunə kimi Macarıstanın paytaxtı Budapeştdə keçirilməli olan güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirinin təxirə salınmasını göstərib. Qeyd edək ki, ilkin olaraq səkkiz İtaliya karateçisinin yarışacağı bildirilmişdi. Lakin İtaliya millisi koronavirusa görə səfərlərə çıxa bilmir. Çünki bu ölkədən çıxan aviareysləri heç bir ölkə qəbul etmək istəmir.