Şagirdlərin distant təhsili üçün vacib təklif: “Göstəriş verin, internet 10 gün pulsuz olsun”
Türkiyədə koronavirusun aşkarlanmasından sonra martın 23-dən dərslərin internet və televiziyalar vasitəsilə distant yolla keçiriləcəyi açıqlandı. Bildirilib ki, distant təhsili ölkədəki bütün şagird və tələbələr üçün əlçatan etmək məqsədilə hər bir mobil operator istifadəçilərini 3GB ödənişsiz internetlə təmin edəcək.   Azərbaycanda da virusa görə məktəbə getməyən şagirdlər üçün teledərslərə start verilib. Azərbaycan Dövlət İqtisad Universitetində isə (UNEC) koronavirusla bağlı zəruri tədbirlərin görülməsilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığını nəzərə alaraq təhsilin davamlılığının təmin edilməsi məqsədilə artıq bütün dərslər distant formada təşkil edilir.   Məktəb və univerisitetlərin bağlı olması ölkədə də internetə tələbatı artırıb. Maraqlıdır, bu cür fövqəladə hallarda interneti hamıya əlçatan etmək üçün hansı tədbirlər görülməlidir? Pulsuz internet fikri məqsədəuyğundurmu?   Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz mövzu ilə bağlı fikirlərini Modern.az-la bölüşüb.   O, qeyd edib ki, belə hallarda internet üzərindən təhsil teledərslərdən daha faydalıdır:   “Fors-major situasiya özü ilə müəyyən problemlər də gətirir. Yəni, real vəziyyətin nə olduğunu göstərir. Təhsil Nazirliyinin teledərsləri alternativ variant olaraq faydalı addımdır. Ortada böyük bir boşluq var. Boşluğu doldurmaq üçün Təhsil Nazirliyi teledərsləri verir. Amma biz inkişaf etmiş ölkələrin təcrübəsinə baxanda görürük ki, orada daha ucuz, daha effektiv, daha interaktiv platformalara üstünlük verilir ki, o da internetdir. Təhsil Nazirliyinin distant təhsili internet üzərindən deyil, teledərslər vasitəsilə verməsinin dərin kökləri var. Burada əsas məsələ odur ki, internet əlçatan deyilmiş. Güman edirəm ki, Təhsil Nazirliyinin özündə rəqəmsallaşma ilə bağlı müəyyən çətinliklər var. Yəqin ki, nazirliyin “B” variantına keçməsi bununla bağlıdır. Əslində dərslərin internet üzərindən verilməsi daha düzgün addım olardı”.   O.Gündüz provayderlərə qiymətdə güzəşt edilməli olduğunu bildirib:   “Evlərdə, təhsil alanların əllərində olan smartfonlarda internet trafikinə ehtiyac artacaq. İndi şagirdlər, evdəkilər daha böyük pul xərcləməyə məcburdurlar. O pulu kim ödəyəcək?! Məsələn, UNEC-in rəhbərliyi deyir ki, biz tələbələrimizin distant təhsilə sərf etdiyi internet xərcini ödəməyə hazırıq. Xarici ölkələrdə elə provayderlər var ki, deyir, mən ödəyirəm. Bizim ölkədə də iki “bəkbon” provayder var ki, dünyadan interneti dartıb, Azərbaycana gətirir: “AzərTelekom”, bir də “Delta Telekom”. Azərbaycan İnternet Forumu olaraq təşəbbüs sürmək istəyərdim ki, bu “bəkbon” provayderlər koronavirusla bağlı yaranmış vəziyyətdə tələbələrin, şagirdlərin internetə olan tələbatını ödəmək üçün provayderlərə satılan internetə güzəştlər etsinlər”.   O, belə hallarda internetin pulsuz edilməsinin mümkünlüyünü də vurğulayıb:   “Eyni zamanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) durğun fəaliyyətindən narazılığımı bildirirəm. Nazirliyin “AzTelekom” adlı qurumu var. “AzTelekom" dövlət provayderi belə bir vəziyyətdə özəl provayderlərə məktub yazıb ki, sizin rayondakı fəaliyyətiniz dayandırılacaq. Nazirlik şərait yaratmalıdır ki, internetə əlçatanlıq artsın. Dövlət provayderlərinə - “AzTelekom” və “Baktelekom”a göstəriş verə bilər ki, 10 gün interneti pulsuz edin”.