Məşhur milyarderdən xəbərdarlıq: “Rusiya 60 gün ərzində..."
Biznesmen Oleq Deripaska Rusiyada tam karantin tətbiq olunmasına və ölkə sərhədlərinin təcili bağlanmasına çağırıb. Teleqraf.com xəbər verir ki, biznesmen özünün Telegram-kanalında yazıb: “Mədəniyyətimiz, həyat tərzimiz, epidemiyaya münasibətimiz bizə başqa alternativ vermir”. O, koronavirusun yayılmasının mümkün nəticələrini SSRİ-nin dağılması ilə müqayisə edib və 2018-ci ilədək rəhbərlik etdiyi “Rusal” kompaniyası işçilərinin Afrikada Ebola virusu ilə mübarizə təcrübəsindən danışıb. “Əgər bu epidemiya nəzarətsiz xarakter alsa, bu, hakimiyyət üçün 1991-ci ildə ölkənin dağılmasından daha ciddi nəticələrə səbəb olacaq”, – deyə O.Deripaska qeyd edib. Onun fikrincə, Rusiya epidemiyaya hazır deyil, vətəndaşlar ehtiyat tədbirlərinə kütləvi şəkildə məhəl qoymurlar. “Metroya enin və ya ticarət mərkəzinə gedin – heç kim maska taxmır” deyə sahibkar yazıb. İş adamının sözlərinə görə, bu gündən bütün sərhədləri bağlamaq, bütün kütləvi tədbirləri ləğv etmək və insanlara 60 günü evdə keçirmək imkanı vermək lazımdır. O hesab edir ki, məhz bu dövr xəstəliyin yayılmasının qarşısını almaq üçün təsirli dövrdür. O.Deripaska Qvineyanın Ebola virusu ilə mübarizə təcrübəsindən bəhs edib. Onun sözlərinə görə, ölkənin təcrid edilməsi xəstəliyin yayılmasını dayandırmağa imkan verib: “Günü bu gündən sərhədləri tam bağlamadan Rusiyada virusa yoluxanların sayının artmasının qarşısını almaq və virusun yayılmasını dayandırmaq mümkün deyil”. Qeyd edək ki, “Forbes” jurnalı O.Deripaskanın sərvətini 2019-cu il üzrə 4 milyard dollar dəyərində qiymətləndirib.