İdmançılar niyə koronavirusa yoluxur? - AÇIQLAMA
Koronavirusun ölkə ərazisində yayıldığı andan etibarən həkimlər, infeksionistlər məsləhət görür ki, immun sisteminin gücləndirmək lazımdır. Əhali də buna maksimum şəkildə əməl etməyə çalışaraq sarımsaq, soğan və başqa tərəvəzləri gündəlik qida rasionuna qatıb immmunitetini gücləndirmək, virusa yoluxmamaq istəyir.   Amma xəstəliyin statistikasına nəzərə salsaq görərik ki, koronavirusa yoluxanların arasında dünyada tanınmış futbolçular, idmançılar da var. Belə olan halda adam düşünməyə bilmir, yəni onların immun sistemi belə güclü ola-ola yoluxursa, sıravi bir vətəndaş niyə xəstəliyə yoluxmasın?   Elə bu suala cavab tapmaq üçün ölkənin baş infeksionisti Cəlal İsayevə müraciət etdik. Cəlal İsayev Modern.az-a açıqlamasında bildirdi ki, immun sisteminin zəif, ya güclü olması xəstəliyə yoluxmanın qarşısını ala bilməz:   “İmmun sistemi güclü olan insanlar da xəstəliyə yoluxa bilər. Lakin belə insanlar xəstəliyi yüngül keçirir və heç bir ağırlaşma ehtimalı olmur. Amma immun sistemi zəif olan adam xəstəliyə yoluxanda xəstəlik ağır keçir və ağırlaşma ehtimalı yüksək olur. Ona görə də biz hamıya müraciət edirik ki, sağlam qidalansınlar, açıq havada olsunlar, bütün gün texnikanın qarşısında oturmasınlar. Yoxsa ki, “virus immun sistemi güclü olan adama yoluxmayacaq” deyə bir söhbət ola biməz. Virus hər kəsə yoluxmaq gücündədir. Tərəvəzlər, sarımsaq, soğan xəstəlikdən müdaifə etməyəcək, sadəcə yoluxduqdan sonra bu tərəvəzlərin xeyrini görəcəksiniz”.