“Gələn makaron yığıb gedir” - Bakı marketlərində bu gün
Koronavirus dünya ölkələri arasında sürətlə yayılır.

Virusun uzun inkubasiya dövrünün olması və vaksinin hələ də tapılmaması dövlətləri daha ciddi tədbirlərə vadar edir. Artıq bir sıra ölkələrdə fövqəladə vəziyyət elan edilib. Martın 13-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə xüsusi izolyasiya tədbirlərinə qərar verib.

Məlumata əsasən, martın 14-dən başlayaraq kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyətini dayandırıldı, toy məclislərinin keçirilməsi qadağan edildi, restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edildi və s. Bir tərəfdən görülən bu tədbirlər, digər tərəfdən 23 nəfərin Covid-19-a yoluxması və bir nəfərin də həyatın itirməsi insanlar arasında narahatlığı artırıb. Sosial şəbəkələrdə insanların ehtiyat ərzaq almaq məqsədilə marketlərə kütləvi axını barədə xəbərlər dolaşır.

“Gələnlərin sayı azalıb, amma…”

Məsələni yerində öyrənmək üçün mağazalara baş çəkdik. Günorta radələrində “Grandmart” supermarketdə deyilən qədər sıxlıq müşahidə etmədik. Biz bunu nahar vaxtı olması ilə də əlaqələndirsək də, mağaza müdirinin müavini Fəqan Rəhimov virusdan sonra ümumiyyətlə, sıxlığın olmadığını dedi: “Hazırkı sıxlıq əvvəlkindən daha azdır. Əvvəllər iş çıxışı və məktəbdən sonra sıxlıq daha çox olurdu. İndi sadəcə iş çıxışında bir az sıxlıq olur. Bizim ötən il gördüyümüz sıxlığın yanında indiki böyük bir şey deyil. Əvvəllər həftəsonu alış-veriş edən daha çox idisə, indi əksinədir. Məktəb yoxdur deyə gələnlərin sayı azalıb”.

5 dəqiqə bir yerdə dayanmadı

Marketdə əvvəlkindən fərqli bir neçə nüans diqqətimizi çəkdi. Bütün işçilər maska taxırdı, kassirlər istisna olmaqla hər kəsin əlində əlcək var idi. Hətta girişdə iki nəfər dayanıb gələn müştərilərə spirt və odekolon təklif edirdi. Digər bir məqam xadimənin beş dəqiqə bir yerdə dayanmaması idi. Marketdə olduğumuz təxminən 30 dəqiqə ərzində təmizlikçi xanım hər yeri silib süpürdü. Görünür, virus insanlara təmizlik qaydalarına ciddi riayət etməyi öyrədir. Diqqət çəkən məqamlardan başlıcası mağazadakı müştərilərin əksəriyyətinin normaldan çox ərzaq alması idi.

“Daha çox un və sarımsaq alırlar”

Fəqan Rəhimov son bir neçə gündə un məmulatlarına və meyvəyə tələbatın artdığını vurğuladı: “Elə insanlar var ki, bir qədər narahatdırlar. Ona görə də ərzağı çox alırlar. Amma ümumilikdə insanlar arasında deyilən qədər təşviş yoxdur, çünki panikaya düşməyə ehtiyac yoxdur. Firmalarla işləyirik, qıtlıq yoxdur, əlimizdə məhsul var. İnsanlar son bir neçə gündə ən çox un məmulatlarına üstünlük verirlər, makaron alanların sayı artıb. Amma əlbəttə ki, hamı bu niyyətlə gəlmir. Məsələn, 10 nəfər müştəri varsa, ondan 5-i bir az çox məhsul alır, 5 makaron almalıdırsa, 10-nu alır ki, ehtiyat saxlasın. Bir də meyvəyə üstünlük verirlər, xüsusilə sitrus meyvələrinə. Ən çox satılan limon və portağaldır. Bir də sarımsaq çox alırlar. Hətta müştərilərimizdən bəziləri təklif edir ki, sarımsağı bizim üçün daddırma kimi də kənara qoyun. Ət məhsullarına tələbat isə həmişəki kimidir”.

Elə müşahidələrimiz də Fəqan Rəhimovun dediyini təsdiqləyirdi.

“Hər gələn makaron yığıb gedir”

Yaxınlıqdakı “OBA” marketdə isə vəziyyət daha fərqli idi. Belə ki, burada dezinfeksiya işləri heç ürəkaçan olmasa da, alıcılar kifayət qədər çox idi. Hətta administrator makaron, vermeşel kimi məhsulların normadan üç dəfə çox satıldığını bildirdi: “Son iki gündə müştərilərin sayı olduqca artıb. Ən çox satılan məhsul vermeşel, makaron, qarabaşaqdır. Hər gələn makaron yığıb gedir. Pik saatlar səhər 10:00-dan 14:00-a kimi, bir də 15:00-dan 19:00-dək olur. Müştərilər həftəiçi daha çox olur, yəqin ki, məktəblərin bağlanması ilə əlaqəlidir”.