Komitə sədri Milli Məclisdə ilkə imza atdı - Onlayın iclas keçirdi
Milli Məclisin (MM) Mədəniyyət komitəsi martın 18-də onlayn sistemlə altıncı çağırışda ilk iclasını keçirib.   Parlamentdən Modern.az-a daxil olan məlumata görə, komitənin yeni sədri, professor Qənirə Paşayeva ölkədə koronavirusla mübarizə sahəsində görülən işləri yüksək dəyərləndirərək dövlətimizin qaydalarına uyğun olaraq komitənin bu sistemlə  keçirilməsi zərurətinin yarandığını vurğulayıb.   İclasda əvvəlcə komitənin  2020-ci ilin yaz  sessiyası üçün  nəzərdə  tutulmuş iş planı  müzakirə olunub.   Bildirilib ki, qarşıdakı dövrdə “Kinematoqrafiya haqqında”, “Azərbaycan  muğam  sənətinin  qorunması və inkişaf  etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında” vacib qanun  layihələrinin  hazırlanması nəzərdə  tutulur.  Komitə  üzvlərinin  sənədlərlə bağlı təklifləri  dinlənilib, qanunvericilik işləri planı  təsdiq  edilib.   Sonra “Milli Məclisin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikası  Dövlət  bayrağının  istifadə  qaydaları  haqqında”  və “İctimai televiziya və radio  yayımı haqqında” qanunlarda dəyişiklik  edilməsi ilə  bağlı məsələyə baxılıb. Bildirilib ki,  sənədlərdə  təklif olunan dəyişikliklərin məqsədi  “Azərbaycan Respublikasının Dövlət  Himnindən istifadə qaydaları haqqında” qanunun icrası ilə əlaqədardır.   İclasın gündəliyinə  daxil edilən digər sənədin –  “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”  və “Azərbaycan  Respublikasında  dövlət  dili haqqında” qanunlara  təklif  edilən dəyişikliklərin “Reklam haqqında”  qanuna  uyğunlaşdırma məqsədi  ilə  aparıldığı  qeyd  edilib.   Onlayn müzakirələrin sonunda  hər iki sənədin MM-inn plenar iclasına  tövsiyə edilməsi barədə   qərar  qəbul edilib.