Şəhər, kənd fərq etmir - infeksiyaya yoluxma hər yerdə mümkündür
Rayona get, ya da şəhərdə qal” deyənlər ajiotaj yaradır. İnfeksiyaya yoluxma hər yerdə mümkündür”.   Bunu Modern.az-a koronavirus dövründə rayonlara getməyin daha faydalı olduğu ilə bağlı yayılan fikirlərə münasibət bildirərkən Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.   Baş epidemioloq qeyd edib ki, koronavirus səbəbi ilə rayonlara axın etməyin heç bir mənası yoxdur:   “Bir şeyi yadda saxlamaq lazımdır. Bu, hava-damcı infeksiyasıdır. Biri-birinə yaxın olanlarda bu xəstəlik varsa, yoluxma olacaq. İstər rayona get, istərsə də kəndə. Əgər sizi steril şəraitdə təcrid edib, bir mağarada, xüsusi otaqlarda saxlayacaqlarsa, başqa məsələ.     İ.Ağayev bu müddətdə gəzintilərə ara verməyin vacibliyini vurğulayıb:   “Heç kim yaşayış yerini tərk etməsin, hamı öz yaşayış yerində olsun. Kütləvi tədbirlər keçirilən yerlərə getməsinlər. Dövlət tərəfindən qadağa qoyulub. Məktəblərin, ali məktəblərin, bağçaların bağlanması o demək deyil ki, sizə istirahət verilib, uşaqlarınızı, əzizlərinizi götürüb gedin mollara, qohum-əqrəbanın evinə.   Hamı bu müddət ərzində təcrid olunsun, xəstəlikdən qorunmaq üçün evində otursun”.   O, koronavirusdan  qorunmaqla bağlı tövsiyələrini də sözlərinə əlavə edib:   “Yoluxmamaq üçün biri-birinizi qucaqlamayın, əzizləməyin, biri-birinizlə öpüşməyin. Evinizdəsinizsə, tez-tez otağın havasını dəyişin. Bayıra çıxıb, nəyəsə toxunub gəlmisinizsə, birbaşa oturub çörək yeməyin, əlinizi yuyun. Evinizdə xəstə varsa, mütləq həkim çağırın. Həkim müayinəsindən sonra xəstəyə təyinat verilsin.Yalnız həkim təyinatından sonra müalicəyə başlamaq olar. Kənardan, qohum-qonşunun dediyi vasitələrdən istifadə etməyin Ən düzgün müalicə həkim müalicəsidir”.