Kosmonavtlara əllə görüşmək və qucaqlaşmaq qadağan edildi
Aprelin 9-da Baykonur kosmodromundan Beynəlxalq Kosmik Stansiyaya yollanacaq astronavtlara koronavirus pandemiyası ilə əlaqədar əllə görüşmək və qucaqlaşmaq qadağan edilib. “RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə Kosmonavt Hazırlığı Mərkəzinin həkim-epidemioloqu Sergey Savin məlumat verib. “Bizdə əllə görüşmək və qucaqlaşmaq qəti qadağan edilib. İstənilən çirklənmədən sonra kosmonavtlar əllərini yuyur və dezinfeksiya edirlər. Başqalarının şəxsi əşyalarından istifadə etməyə icazə yoxdur. Ümumi təyinatlı əşyalar hər istifadədən sonra dezinfeksiya olunur”, - deyə həkim-epidemioloq qeyd edib. Epidemioloq kosmonavtların qidalanmasına və sağlam həyat tərzinin qorunub-saxlanılmasına xüsusi diqqət edildiyini, həkimlərin daimi nəzarəti altında saxlanıldıqlarını söyləyib.