Rusların 63 faizinin ehtiyatda pulu yoxdur - SORGU
Böhranlı günlər yaşayan rusiyalıların 63 faizindən çoxunun ehtiyat pulu yoxdur. Bu haqda RBK portalı yeni sorğunun nəticələrinə əsasən yazıb. Sorğunu “Perspektiva” elmi-texniki mərkəzi “Rosqosstrax Jizni” sığorta şirkəti və “Otkrıtiye” bankının sifarişilə keçirib. Respondentlərin çoxunun pulu heç növbəti maaşa, təqaüdə qədər çatmır. 30 faizdən çoxu isə böyük məbləğdə pulu olmadığını bəyan edib. Hər üç respondentdən biri ““qara gün” üçün pul yığıb, di gəl, gəlirlər qəfil azaldığından bu məbləğ maksimum yarım ilə bəs edər”, sorğuda qeyd olunur. “NAFİ” analitik mərkəzinin bu ilin fevral-martında keçirdiyi sorğuya görə, rusiyalılar işlərini itirəcəkləri halda, qənaətlə yığdıqları pul ortalama 63 günə bəs edər. Əmanətlərlə bağlı ən çətin durum kənd yerlərinə aiddir, sakinlərin 47 faizi əlində olub-qalanla bir aydan da az yaşaya bilər. Rusiyada hər 5 şirkətdən biri işçilərin maaşını azaldacağını bildirib. Məqsəd rublun ucuzlaşmasının və koronovirusla bağlı məhdudiyyətlərin yaratdığı şoku üstələməkdir. Martın 30-da hökumət 2020-ci il üçün işsizlik müavinətini 12 min 130 rubla qaldırıb. Koronavirus epidemiyasına görə işsiz qalmış moskvalılara aprelin 1-dən sentyabrın 30-dək hər ay 19 min 500 rubl müavinət veriləcək. Moskva meriyasının məlumatına görə, son sutka ərzində işsizlik statusunun qeydə alınması üçün 10 minədək şəhər sakini müraciət edib. (azadliq.org)