Nazirdən məhkəmə sədrlərinin və hakimlərinin işinin yoxlanılması ilə bağlı QƏRAR
“Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Qaydaları” təsdiqlənib. Oxu.Az-ın xəbərinə görə, bununla bağlı Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədov qərar imzalayıb. Sözügedən sənəd hakimlərin, o cümlədən məhkəmə sədrlərinin, sədr müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin fəaliyyətinin təşkili ilə bağlı işinin qiymətləndirilməsi qaydalarını və metodologiyasını müəyyənləşdirir. Qaydalarda yazılıb ki, Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin, sədrlərin fəaliyyəti beş ildə bir dəfədən az olmayaraq qiymətləndirilir. Məhkəmə-Hüquq Şurasının bu fəaliyyətinin qiymətləndirilməsi üçün müəyyən olunmuş üzvü həmin hakimin fəaliyyətinin qiymətləndirilməsinə dair daxil olmuş rəyləri, məlumatları öyrənir və onun barəsində yekun rəy hazırlayır. Qiymətləndirmə materialları Məhkəmə-Hüquq Şurasının iclasında baxılmasına ən geci üç gün qalmış Şura üzvlərinə təqdim edilir. Hakimin fəaliyyətinin qiymətləndirilməsi üzrə Məhkəmə-Hüquq Şurasının qərarından “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunun 18-ci maddəsinə müvafiq olaraq, şikayət verilə bilər.