Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxub
Azərbaycan Respublikasında 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.  Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 7 nəfərin vəziyyəti ağır, 12 nəfərdə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 6 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalmış və evə buraxılmışdır. Hazırkı dövrədək ölkəmizdə 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 32 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4 321 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.