Gəlin bu cür “işverənləri” tanıyaq
Rasim Əkbərovdan Kamal Qılıcova miras qalan “işverən”

  Google axtarış sistemində Tağıyev Toğrul Mahmud oğlu yazanda bir çox  maraqlı məlumatlara rast gəlmək olur. Belə ki, DİN-dən qovulan, Cinayət Məcəlləsinin 206-cı maddəsi ilə məhkum olunan polis kapitanı Toğrul Tağıyev qarşısına məqsəd qoyub ki, onun polisdən qovulmasından heç kim xəbər tutmamalıdır.
 O özü ilə bağlı ictimaiyyətdə elə bir fikir yaradır ki, guya o MTN əməkdaşı olaraq polisə ezam olunub. İndi isə 90-cı illərin əvvəllərinə qayıdaq. T. Tağıyevin Müdafiə nazirliyinin sabiq briqada komandiri Rasim Əkbərovun yanında “işverən” peşəsinə ilk dəfə necə başlamasını sizinlə bölüşmək istəyirik.  T. Tağıyev əslən Tovuz rayonundan olsa da Gəncə şəhərində böyüyüb. Gənc yaşlarından onun polis orqanları ilə tez-tez problemi yaranıb və o hər dəfə Gəncə şəhərinin polis idarəsinin rəhbər şəxslərindən Rasim Əkbərova “işverənlik” edib, hətta onun vasitəsi ilə polis rəislərinə təsir etməyə çalışıb. Gəncə polisilə T. Tağıyevin problemi isə onun mis-metal məmulatlarının qəbulu ilə məşğul olduğu zaman yaranıb.  

Ancaq R. Əkbərov həbs olunandan sonra T. Tağıyev də Rusiya Federasiyasına qaçaraq həbsdən canını qurtara bilib. T. Tağıyev 2000-ci illərin əvvəlindən Azərbaycana qayıdıb və  DİN-in Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Məmməd Əsgərovla qohum olduğu üçün Samux RPŞ-nin maliyyə qrupunun baş inspektoru vəzifəsinə təyin olunub. O DİN-in Maliyyə-plan idarəsinin  rəisi Səxavəddin Abdullayev  ilə yaxın münasibət quraraq Samux rayonunun polis əməkdaşlarına ayrılan  vəsaitləri mənimsəməyə nail olub. Ancaq bu mənimsəmələrlə qane olmayan T. Tağıyev 2003-cü ildə qaçaqmalçılıq yolu ilə Samux rayonunun Ceyrançöl adlanan ərazisindən tonlarla əlvan metal keçirərkən MTN-nin keçirdiyi əməliyyat tədbirində həbs olunur. Lakin T. Tağıyev MTN-nin istintaq idarəsinin baş müstəntiqi Sahib Ələkbərovun köməkliyi ilə zaminə buraxılır.

  Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T. Tağıyev 5 il azadlıqdan məhrum olunur. Ancaq o məhkəmə zalından qaçdığı üçün axtarışa verilir. Lakin sonradan Apellasiya Məhkəməsi  cəzanı 5 il şərti cəzaya dəyişdirir. Bununla belə  M. Əsgərov bu şəxsin axtarışa verilməyini DİN-in rəhbərliyindən gizlədərək,T. Tağıyevi 2006-cı iləcən xidmətdə saxlaya bilib və hətta T. Tağıyev o illər ərzində kapitan rütbəsini almağa nail olub.

  T. Tağıyev MTN tərəfindən tutulmasında yeznəsi Samir Heydərovu günahlandırır. Belə ki, Toğrul Tağıyev DİN-nin baş istintaq idarəsinin baş müstəntiqi Rövşən Musayevlə tanış olaraq R. Musayevə “yağlı işlər” verəcəyini vəd edir. Əvəzində isə o R. Musayevə yalvarır ki, onun yeznəsi S. Heydərova cinayət işi qaldırılsın. R. Musayev “yağlı işlər” naminə T. Tağıyevin yeznəsinə qarşı cinayət işi qaldırır.   Həmin zaman T. Tağıyevin bacısının xahişi ilə o yeznəsi S. Heydərovla barışır və cinayət işinə xitam verilir. 2007-ci ildə R. Musayev infarkt olub dünyasını dəyişdiyi  üçün T. Tağıyev başsız qalır. Ancaq bu dəfə onun tələbə yoldaşı -MTN-nin əməkdaşı  Elçin Çıraqov ona sahib çıxır. O, E. Çıraqova da “yağlı işlər” verməyə söz verir və hər yerdə özünü MTN-nin əməkdaşı kimi təqdim edir. Bir neçə  belə işlərdən sonra E. Çıraqov T. Tağıyevi idarə rəisi Səlim Məmmədovla tanış edir və onlar bir yerdə gələcək “yağlı işləri”nin planını cızırlar. Sonra T. Tağıyev S. Məmmədova E. Çıraqovdan xoşagəlməz fikirlər söyləyərək E. Çıraqovun MTN-dən qovulmasına nail olur. Ancaq bununla da qane olmayan T. Tağıyev MTN-nin digər idarə rəisi  Fizuli Əliyevlə yaxın münasibət qurur və ona da  “yaxşı”  işlər vəd edir. Əvəzində isə F. Əliyevdən xahiş edir ki, onun guya MTN əməkdaşı olduğunu hamıya söyləsin. Bütün bunlarla da kifayətlənməyən T. Tağıyev Baş Prokurorluğunun idarə rəisi Kamal Qılıcovla yaxın münasibət qurur. Onun xalası oğlu Şahin K. Qılıcovun ailə sürücüsü olduğu üçün  T. Tağıyev əvvəlcədən K. Qılıcovla bir çox dələduz cinayətlərə imza atacağını razılaşdırır.

Sonra isə onun xalası oğlu Şahin K. Qılıcovun ailə sirlərini T. Tağıyevə danışır. T. Tağıyev isə K. Qılıcovu həmin sirlərlə şantaj etsə də  bugünəcən cinayət məsuliyyətinə cəlb olunmayıb.   T. Tağıyev hətta bu cür çirkin işlərinə vəkil və dırnaqarası hüquq müdafiəçisi sayılan Cavad Cavadovu da cəlb edir.  Apardığımız araşdırmalar nəticəsində məlum oldu kİ, T. Tağıyevin yeznəsi S. Heydərovun yeznəsi 9 saylı Gəncə  “MERO”sunun (DİN-in BDYPİ-nin 9 saylı Gəncə İmtahan-Qeydiyyat Şöbəsi ) keçmiş rəisi Tariyel Məmmədov  və onun da Tahir adlı yeznəsi 20 ildən çoxdur ki, Daxili işlər naziri Vilayət Eyvazovun şəxsi mühasibidir. V. Eyvazov nazir vəsifəsinə təyin olunandan sonra T. Tağıyev şəhərdə yaxınlarına bildirib ki, guya V. Eyvazov onu DİN-də xidmətinə qaytarıb və o indi  şəxsən V. Eyvazovun “işverənidir”.      Araşdırmadan məlum oldu ki, T. Tağıyevin havadarlarından olan R. Əkbərov, S. Məmmədov və F. Əliyev cinayət məsuliyyətinə cəlb olunublar. E. Çıraqov güc-bəla ilə həbsdən qurtula bilib və K. Qılıcov barəsində Respublika Prokurorluğunda xidməti yoxlama aparılır. Bu cür məlumatlara rast gələndə elə təsəvvür yaranır ki, sanki məmurlar T. Tağıyev kimi ünsürlərə qəsdən yardım edərək, xoşagəlməz xəbərləri mətbuatın gündəmində saxlamağa çalışırlar.           Murad İbrahimli
 

Legion.az