Mübariz Mənsimovun bədənindəki yaralar irinləyir

Türkiyədə həbs həyatı yaşayan “Palmali” şirkətlər qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimovun səhhəti pisləşir. Mənsimovun köməkçisi Fidan Quliyevanın verdiyi məlumata görə, onun bədənindəki yaralar irinləməyə başlayıb.

  Bizimyol.info xəbər verir ki, “Palmali” şirkətlər qrupunun rəhbərinin səhhəti yaxşı deyil. İş adamının cərrahiyyə əməliyyatına görə bədənində olan yaralar irinləyir. “Bu da onun həbsxanada vaxtında və düzgün müalicə almamasının, sağlamlığının bərpası məqsədilə lazımi tədbirlərin görülməməsinin nəticəsidir”, - Fidan Quliyeva belə deyib. Köməkçisi deyir ki, iş adamının durumu haqda məlumatları onun vəkillərindən alır. Mənsimovun vəkilləri xəstəxanaya yerləşdirilmə üçün bütün mümkün hüquqi vasitələrdən istifadə etdiklərini, amma nəticə hasil olmadığını bildirir. Fidan Quliyevanın sözlərinə görə, cərrahiyyə əməliyyatından sonra Mənsimovun müalicə alması, əməliyyat yerinin sağalması üçün bir sıra tibbi prosedurlarun qəbuluna ehtiyac vardı. Amma onun saxlandığı həbsxana şəraiti buna imkan vermir: “Əməliyyatdan sonra həbsdə Mübariz Mənsimov müalicə almadığı, dərman qəbul etmədiyinə görə səhhəti daha da pisləşməyə doğru gedir. Bununla əlaqədar vəkillər bütün aidiyyəti instansiyalara yazılı etirazlar verirlər”. Türkiyə vətəndaşı olan azərbaycanlı iş adamı martın 15-dən həbsdədir. O, Türkiyədə 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənlə (FETÖ) əlaqələrdə günahlandırılır.