"Allah insanları cəzalandırır, bəşəriyyət çox qudurmuşdu" - Rasim Balayev
LEGİON.AZ karantin rejimiylə bağlı Xalq artisti Rasim Balayevin Moderator.az-a verdiyi müsahibəni təqdim edir: 


- Rasim müəllim, karantin rejimində vaxtınızı səmərəli keçirmək üçün nə işlə məşğul olursunuz?
- Hamımız canımızın hayındayıq, vaxtımızı səmərəli keçirməkdən söhbət gedə bilməz. Başımı qatmaq üçün televizora baxıram, həyətda-bacada gəzirəm, internetdə müəyyən işlərlə maraqlanıram.    

- Ümumiyyətlə, ürəyinizdə Allahla danışıb soruşursunuzmu ki, niyə insanları ev dustağı edib?


- Əlbəttə, Allahla danışıram. Allah bununla insanları cəzalandırır, çünki bəşəriyyət çox qudurmuşdu. Yer-yurd davası edirdilər və Allah da dedi ki, mənim yaratdıqlarımı bölüşdürürsünüz, amma mən indi elə edərəm ki, çarəsiz qalarsınız. Milyardları olub təyyarə alanlar bir dəfə Allaha şükür etmədilər, elə bildilər ki, belə də olmalıdır. Mən belə düşünürəm və bu bizim üçün bir cəzadır. Görək necə olur, karantin qurtardıqdan sonra isə hələ ki, görmək istədiyim elə bir iş yoxdur, hər şeyi zaman göstərəcək. 


- İndiki vəziyyətdə televiziyalarımızdakı o bayağı verilişlərin də sayı azalıb. Bunu müşahidə etmisinizmi?  
  - İndi televiziyalar da məsələnin ciddiliyi haqda fikirləşirlər, müxtəlif kino və tamaşalar göstərirlər. Baxırsan ki, axır vaxtlar olan şeyləri yox, köhnə tamaşaları göstərirlər. Çünki təzə yaratmadıqları üçün onlar yoxdur. 


- Koronavirusla Mübarizə Fonduna bəzi məmurların köçürdüyü pulun məbləği cəmiyyətdə birmənalı qarşılanmadı. Siz bu haqda nə deyə bilərsiniz?  


- Ümumiyyətlə, karantin rejimi olmasa belə normal adam hər axşam yerinə girib yatanda özünə hesabat verməlidir. Fikirləşməlidir ki, bu gün Allah mənə nə qədər yetirdi, bunun zəkatını verdimmi? Allah sənə verir və gərək sən də kiməsə verəsən. İnsanın içində bir Allah xofu, inam olmalıdır. Amma bunların heç biri yoxdur. İnsan o qədər varlanır ki, Allahlıq eşqinə düşür. Təbii ki, bizim imkanlı məmurlarımız gərək kasıblara köməklik etsinlər.   Yəni qorxu və hörmət hissi yoxdur. Ümumiyyətlə, cəmiyyət ya qorxu hissiylə idarə olunur, ya da yüksək şüurla. İndi isə nə yüksək şüur, nə də qorxu var. Onda da bütün uyğunsuzluqlar başlayır. Ona görə də müəyyən bir yaşayış kriteriyası olmalıdır. Qorxu hissi olmayanda adam-adamlığından çıxır və Allah da onları cəzalandırır. Onların da hesabına günahsız adamlar qurban gedir.