“İşverən” ASM şirkətinə necə şərik olub?
MTN-dən canlarını qurtarmaq üçün kimlər "işverən"lə kirvə olub?

 Keçən yazımızda "işverən" Toğrul Tağıyev barəsində oxucularımıza şok məlumatlar təqdim etmişdik ki,həmin məlumatlar böyük maraq doğurmuşdur. Bu yazıdan sonra T. Tağıyevi tanıyan və çirkin əməllərindən əziyyət çəkən bir neçə şəxs də redaksiyamıza müraciət edib. T. Tağıyevin əlindən zara gələn şəxslər dolayısı yolla onun şərindən qurtulmağa çalışırlar. Bu cür şəxslərdən biri də əslən Gəncə şəhərindən olan tanınmış iş adamı “Türkan Telekom” şirkətinin sahibi Samir Hacıyevdir. T.Tağıyevin onunla bağlı plan cızdığından xəbər tutan S.Hacıyev anlayıb ki, yaxın vaxtlarda o da digər iş adamları kimi T.Tağıyevin qurbanına çevrilərək MTN-nin qonağı ola bilər.  Buna görə S.Hacıyev T.Tağıyevə bahalı hədiyyə alaraq onun oğlunun kirvəsi olmaq istəyini ona bildirib. Əlbəttə tanınmış iş adamının oğlunun kirvəsi olmasının böyük şərəf olduğunu başa düşən T.Tağıyev buna razılıq verib və işverənlik dərhal kirvəliyə çevrilib.
 Digər iş adamı - “Şurataz LTD”  şirkətinin sahibi Xaliq Abbasov da T.Tağıyevin təzyiqlərinə məruz qalıb. Hətta T.Tağıyev X.Abbasov üçün  plan  cızaraq Ukraynanın  Belaya Çerkov şəhərindən bir nəfəri Ermənistana göndərərək, həmin şəxsin ordan Azərbaycana X.Abbasovun mobil telefonuna zəng etməsini tələb edib.  Ermənistandan gələn telefon zəngindən sonra X.Abbasov Zəngilan rayonundan olduğu üçün MTN-nin Zəngilan şöbəsinə çağırılıb. Son nəticədə həmişəki kimi onun problemi T.Tağıyev tərəfindən həll edilir. Axırda X.Abbasov fikirləşir ki, dolayısı yolla T.Tağıyevin şərindən canını necə qurtarsın. Və o da S.Hacıyev kimi T.Tağıyevlə kirvə olmağa qərar verir. T.Tağıyevə yenə də bahalı hədiyyələr alınır və beləliklə S.Hacıyev T.Tağıyevin oğlunun kirvəsi olur, T.Tağıyev də X. Abbasovun oğlunun kirvəsinə çevrilir. Beləcə iki iş adamı bu yolla özlərini şərlənərək həbs olunmaqdan sığortalaya bilib.

Hərdən onlar T.Tağıyevin onlara qarşı “işverənlik” etmək istədiyini eşidən kimi dərhal ona bahalı hədiyyələr alaraq onunla kirvə olduqlarını xatırladırlar. Üçüncü iş adamı isə “ASM” şirkətinin sahiblərindən biri olan Sənan  Bəylərovdur. S.Bəylərovun ağlına gəlmir ki, şərdən sığortalanmaq üçün o da öz növbəsində dolayısı yolla T. Tağıyevlə qohum olmalıdır. Ona qarşı da eyni hərəkəti etmək üçün T.Tağıyev dərhal onun barəsində plan cızaraq onu MTN-nin idarə rəisi  Səlim Məmmədova təhvil verib.

S.Bəylərov MTN-ə  aparılır və  ondan 500 000 manat pul  tələb olunub. S.Bəylərov o qədər pulu olmadığını Məmmədova bildirir. Son nəticədə T.Tağıyev Bəylərovun şəriki -“ASM” şirkətinin digər sahibi olan Elşən İbrahimovdan 100 min alaraq S.Məmmədova verir. Və  S.Bəylərovun “ASM” şirkətində olan payı T.Tağıyev tərəfindən beləcə mənimsənilir. Beləliklə E.İbrahimovun yeni şəriki T.Tağıyev olur.      S.Bəylərov isə çıxış yolu tapmayaraq  bugünəcən əziyyət çəkir. 2015-ci ildə MTN hadisələri baş verəndə S.Bəylərov T.Tağıyevə müraciət edərək bildirir ki, “bəlkə mən də gedim Məmmədovdan prokurorluğa şikayət edim kİ, məni də zərərçəkmiş kimi tanısınlar?”. T.Tağıyevin isə ona cavabı çox sərt olur:“Sənan, sən bilirsən ki, mən “Bandotdelə”də, Prokurorluğa da "iş verirəm, elə eləmə ki, başqa yolla sənin torbanı tikim”. T.Tağıyevin bu sözündən sonra S.Bəylərov şikayət etmək fikrindən vaz keçir. Bugünəcən hüquq-mühafizə orqanlarında olan paqonlu banditlərdən çox yazılıb, ancaq T.Tağıyev kimi "işverənlərdən" informasiyamız azdır. MTN-dən canlarını qurtarmaq üçün "işverənlə" kirvə olanlara isə birinci dəfədir ki, rast gəlirik.
Apardığımız araşdırmalardan məlum oldu ki, “Türkan Telecom” şirkəti “Azercell” şirkəti ilə  Gəncəbasar  zonasında əməkdaşlıq edən şirkətlərdən biridir. “Şurataz LTD”   şirkəti isə   Goodyear  şirkətinin rəsmi distribüteridir.”ASM” şirkəti də tanınmış  Bridgestone şirkətinin Azərbaycan üzrə  distribüteridir. Bir sözlə, T.Tağıyevin tamahının böyük olduğunu bu şirkətlərinin sahiblərini nə yolla olursa olsun təsiri altında saxlamağından bəlli olur.  
Murad İbrahimli

 Legion.az