Qonşu ölkədə də bu gündən karantin qaydaları yumşaldılır
Bu gündən etibarən Gürcüstanda karantin qaydaları yumşaldılır. “Sputnik Gürcüstan” xəbər verir ki, ölkədə qadağaların aradan qaldırılmasının birinci mərhələsi başlayıb. Bununla bağlı Gürcüstan Baş nazirinin müşaviri İrakli Çikovani jurnalistlərə açıqlama verib. Avtomobillərin, taksilərin, onlayn mağazaların (topdan və pərakəndə) işləməsinə, hər hansı malın çatdırılmasına və açıq kənd təsərrüfatı bazarlarının fəaliyyətinə icazə verilir. Sərt karantin zonaları elan edilmiş bələdiyyələr və inzibati hissələr istisna olmaqla, bütün ölkə daxilində məhdudiyyətlər aradan qaldırılacaq. Bundan əlavə, 27 və 28 aprel tarixlərində istisna hal kimi, yalnız qeydiyyat ünvanına qayıtmaq üçün Tbilisi, Rustavi, Batumi və Kutaisidən giriş və çıxışa icazə verilir. Bu şəhərlərə giriş və çıxış qadağası aprelin 15-də tətbiq edilib. “Qeyd etmək lazımdır ki, bu şəhərlərə giriş və onlardan qeydiyyat ünvanına qaydalara uyğun çıxış göstərilən iki gün ərzində mümkündür. Fövqəladə vəziyyət rejimində tətbiq olunan bütün digər məhdudiyyətlər, eyni zamanda, 21:00-dan 06:00-a qədər komendant saatı da qüvvədədir”, - deyə müşavir bildirib.