Mayda keçirilməli olan bu imtahanlar ləğv edildi - RƏSMİ
Tibb işçilərinin mayda nəzərdə tutulan sertifikasiya imtahanları ləğv olunub.   Bu barədə Səhiyyə Nazirliyindən bildirilib. Məlumatda qeyd olunub ki, Nazirlər Kabinetinin dünyada yayılmış koronovirusla (COVİD-19) mübarizə çərçivəsində qəbul etdiyi qərara əsasən, ölkə ərazisində virusun yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 4 may 2020-ci il saat 00:00-dək uzadılıb. Bunu nəzərə alaraq, may ayı üçün tərtib olunmuş imtahan cədvəlinin yenidən işlənilib hazırlanması məqsədilə, həmin ayda keçirilməsi nəzərdə tutulan sertifikasiya imtahanları ləğv olunub: " Yeni imtahan cədvəli hazırlandıqdan sonra imtahana namizəd şəxslərə imtahan tarixləri barədə məlumat veriləcək”. Nazirlikdən həmçinin bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə aprelin 27-dən xüsusi karantin rejimi ilə bağlı məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib. Bunu nəzərə alaraq, sertifikasiya imtahanına hazırlıq təlimləri və sınaq imtahanlarının fərdi qaydada keçirilməsinə yenidən start verilib. Eyni qayda ilə sertifikasiya imtahanlarında iştirak da könüllü olaraq keçiriləcək.