Ali Məhkəmənin hakimi Tahir Kazımov sifarişli qərarı niyə gizlədir?
Jurnalist Mahmud Rasimoğlu: “Tahir Kazımovun çıxartdığı sifarişli qərarı ondan ala bilsəm Avropa Məhkəməsinə müraciət edərdim”.

Jurnalist Mahmud Rasimoğlu keçmiş Baş prokuror Zakir Qaralovun, daxili İşlər naziri  Vilayət Eyvazovun, Baş Prokurorluğun idarə rəisi Kamal Qılıcovun və onun qardaşı, Ali Məhkəmənin hakimi İlqar Qılıcovun törətdikləri bir çox cinayətlərdən araşdırma apardığı üçün onların göstərişi ilə DİN-in “Bandotdel” adlanan idarəsinin şöbə rəisi Məmmədov Müzəffər Qəzənfər oğlu tərəfindən oğurlanaraq idarədə işgəncələrə məruz qalıb.

Jurnalistin şərlənərək həbs olunması barədə dünya mediasında çoxsaylı məlumatlara rast gəlmək olur. Hətta adıçəkilən şəxslərin göstərişi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribov tərəfindən jurnalistin 12 il azadlıqdan məhrum olunmasını beynəlxalq təşkilatlar öz hesabatlarında qeyd edərək, jurnalistə qarşı törədilən cinayəti AŞPA-ya təqdim ediblər.

M.Rasimoğlu birinci instansiyanın ona qarşı çıxartdığı sifarişli hökmlərdən apellasiya və kassasiya şikayətləri versə də, hakimlər işin mahiyyətini araşdırmadan sifarişli hökmü qüvvədə saxlayıblar. Hətta Ali Məhkəmənin hakimi Tahir Kazımov jurnalistə qarşı çıxarılan sifarişli hökmü qüvvədə saxlayanda bildirmişdir ki, ondan sifarişi yerinə yetirməyi Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli tələb etmişdir. Əli Hüseynli həm də  Qılıcovlarla ailəvi dost olduğunu söyləyib. Bu ilin mart ayının 18-də T.Kazımov jurnalistə qarşı qərar qəbul etsə də, həmin qərar bugünəcən M.Rasimoğluna təqdim olunmayıb. Yaxınları vasitəsilə bizimlə əlaqə saxlayan M.Rasimoğlu bildirib ki: ”T.Kazımov qərarı alan kimi Avropa Məhkəməsinə müraciət edəcəyimi bildiyi üçün bugünəcən qərar mənə təqdim olunmayıb”.

 “Onlar bilir ki, Avropa Məhkəməsinə göndərdiyim şikayət neçə vaxtdır ki, hazırdır. Sadəcə mənə qarşı qaldırılan qondarma cinayət işində adlarını çəkdiyim şəxslər beynəlxalq  ictimaiyyət qarşısında  biabır olmaqdan qorxduqları üçün qərarın mənə verilməsinə mane olurlar. Amma onsuz da mənə qarşı törədilən cinayət barədə bütün dünya ictimaiyyətini xəbərdar etmişəm. Damarımda axan son damla qanımacan bu cür ünsürlərlə mübarizəmi davam edəcəm”,- deyə M.Rasimoğlu sonda bildirib.

Murad İbrahimli    

Legion.az