Koronavirusun ən çox yayıldığı 6-cı ölkə karantin rejimini yumşaldır
Avropada epidemiyadan ən çox təsirlənən ölkələrdən biri olan Fransada bu gün karantin rejimi yumşaldılıb.   Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gündən etibarən Fransada insanlar xüsusi icazə almadan çölə çıxa biliblər. Səhər saatlarında paytaxt Parisdə hərəkətə sərbəstlik verilsə də, nəqliyyatın sıx hərəkəti müşahidə olunmayıb, lakin insanların idman və ya gəzintiyə çıxdıqları müşahidə edilib. Bundan əlavə, bu həftə ölkədə məktəblərin 85 faizi açılacaq.   Bu gündən etibarən uşaq bağçaları və ibtidai məktəblər tədricən və tələbata uyğun olaraq fəaliyyətə başlayır. Xəstəliyin riskli olmadığı bölgələrdə orta məktəblər mayın 18-dən etibarən açılacaq. Bir sinifdə ən çox 15 şagirdin dərs almasına icazə verilir. Gigiyena qaydalarına uyğun olaraq orta məktəbdə maskaların istifadəsi məcburidir. Kafe və restoranlardan başqa, epidemiyanın geniş yayılmadığı bölgələrdəki iş yerləri, dükanlar, bərbərlər, kiçik muzeylər və kitabxanalar, park və bağlar da qapılarını əhalinin üzünə açıb. Bundan başqa ictimai nəqliyyatda və taksilərdə maska taxmaq məcburidir, qaydaya əməl etməyənlər 135 avro cərimə ediləcək. Fransada bu günə qədər 176 980 nəfər koronavirusa yoluxub, 26 380 nəfər isə keçinib.