Azərbaycan çempionatında ən çox qolsuz heç-heçə edən komandalar - ARAŞDIRMA
Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) Azərbaycan Premyer Liqasında ən çox qolsuz heç-heçə edən komandaların siyahısını açıqlayıb. "Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, qolsuzluq baxımından ən yüksək göstərici "Zirə"yə məxsusdur - 9,6 faiz. İkinci sırada "Keşlə" (9,6 faiz) qərarlaşıb. "Qəbələ" və "Sumqayıt" 8 faizlik göstərici ilə 3 və 4-cü yerləri bölüşdürür. "Neftçi"nin qolsuz matçlarının nisbəti 7,9 faizdir. Son illərin çempionu "Qarabağ" isə Azərbaycan klubları arasında oyunlarında ən az "quru hesab" qeydə alınan komandadır. Premyer Liqanın digər iştirakçıları - "Səbail" 2016-cı, "Sabah" isə 2017-ci ildə yarandığından onların adları siyahıya salınmayıb. CİES ən çox qolsuz heç-heçə qeydə alınan ölkələrin çempionatlarını da müəyyənləşdirib. Azərbaycan Premyer Liqası 8,6 faizlik göstərici ilə Avropada 20-ci yerdədir.