“Moskva Şamil”in 650 min ABŞ dollarını kimlər mənimsəyib?
““İşverən” Elman Şirinovu da hədələdi?”

  "Elman Şirinov, haralardasan?

  Bir qrup fırıldaqçının Şirinov Elman Mərcan oğlunu aldadaraq, 650 min ABŞ dollar pulunu mənimsəmələri barədə ölkə mətbuatında çox məlumatlara rast gəlmək olar. Bu yaxınlarda isə mövzu ilə bağlı jurnalist Mahmud Rasimoğlu 12 il azadlıqdan məhrum olunaraq, saxlandığı   Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsindən redaksiyamıza yeni müraciət ünvanlayıb. Bildiyiniz kimi jurnalist M.Rasimoğlunun şərlənərək həbs olunması artıq dünya mediasının səhifə başlıqlarını belə zəbt edib. Jurnalist Mahmud Rasimoğlu Elman Şirinovla bağlı maraqlı məqamlarla bağlı redaksiyamıza göndərdiyi müraciətində bildirir:


“Hamıya məlumdur ki, mən bir qrup fırıldaqçı və onlara havadarlıq edən iki yüksək rütbəli məmur haqqında  jurnalist araşdırması apardığım üçün onların sifarişi ilə  “Bandotdel”in (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) şöbə rəisi Məmmədov Müzəffər Qəzənfər oğlu tərəfindən işgəncələrə məruz qalmışam. M.Məmmədova mənə qarşı cinayət törətməyə əmr verən isə  onun rəisi Seyfulla Əzimov olub.

  Bəli, bu həmin S.Əzimovdur ki, sonradan daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyin olunub. Vaxtılə MTN-nin rəhbəri Eldar Mahmudov və onun quldur dəstəsi də vətəndaşlara qarşı buna oxşar  çoxsaylı cinayətlər törətmişdilər. Görünür yaxın zamanda yeni həbslər dalğası baş verəcək və bu gün general olduğu ilə fəxr edən quldurlar sabah Akif Çovdarov kimi həbs olunaraq 9 saylı cəzaçəkmə müəssisəsinin həyətində toyuq-cücə saxlayaraq Prezident İlham Əliyevdən əfv diləyəcəklər.

Qayıdaq E.Şirinovun başına gələn hadisəyə. Demək, 2008-ci ildə, əslən Ağcabədi rayonundan olan Rusiya vətəndaşı Şamil Qurbanov “Bandotdel” tərəfindən həbs olunur. Məlumat üçün bildirim ki, Ş.Qurbanov iş adamı,  mesenat  və Ağcabədi rayonunda yeni inşa olunan ticarət mərkəzinin sahibi olub.  Bir qrup fırıldaqçı Ş.Qurbanovun yaxın adamlarına çıxaraq, onun Rusiyaya ekstradisiya etmək üçün bir milyon dollar pul istəyirlər. Ş.Qurbanov da öz növbəsində bu məsələni yaxın adamı olan E.Şirinova tapşırır.
    E.Şirinov təklifi verən şəxslərdən biri ilə görüşür. Bu şəxs Gəncə şəhərində “Qızılbaş” ləqəbi ilə tanınan, Gəncə şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin keçmiş rəisi Rasim Hüseynov olur. Deyilənlərə görə R.Hüseynov vaxtı ilə- polis orqanlarında işlədiyi vaxt Mədət Quliyevə də müəllimlik edib. E.Şirinov R.Hüseynovla görüşən zaman R.Hüseynovun oğlu- DTX əməkdaşı olan İlham Hüseynovun 200 mindən çox borcu olur. Bildirilir ki, İ.Hüseynov nişanlısının gözündə imkanlı şəxs kimi görünmək üçün həmin məbləği Bakı şəhərində xərcləyib.

  Ş.Qurbanovun həbsindən xəbər tutan R.Hüseynov da  bundan öz oğlunu çətin vəziyyətdən çıxmaq üçün istifadə edir. Deyildiyi kimi R.Hüseynov Ş.Qurbanova xəbər göndərir ki, bir milyona onu Rusiyaya ekstradisiya edə bilər. R.Hüseynov da oğlunun dostu T.Tağıyevlə görüşərək, Ş.Qurbanova verdikləri təklifi müzakirə edirlər. T.Tağıyev xalasının həyat yoldaşı Bakı Şəhər Prokurorluğunun keçmiş şöbə rəisi Murad Hümbətovu və onun oğlu , DTX əməkdaşı olan Cavid Hümbətovu da bu  işə qoşur. Onlar E.Şirinovdan 650 min ABŞ dolları alaraq, ona söz verirlər ki, az vaxt ərzində Ş.Qurbanovu ekstradisiya edilməsinə nail olacaqlar. 650 min ABŞ dollar isə  fırıldaqçıların arasında bölünür.Və beləliklə onlar E.Şirinova verdikləri sözü unudaraq, həmin pula öz problemlərini həll edirlər.

   
R.Hüseynovla oğlu 200 min borcu bağlayırlar,M.Hümbətovla oğlu Şamaxının Pirqulu qəsəbəsində böyük torpaq sahəsi alaraq bağ evi tikirlər. T.Tağıyev isə İlham Rəhimovla 90-BB-002 nömrəli “Maseratti” avtomobili alır və özünü hamıya MTN-nin əməkdaşı kimi təqdim edir. Ş.Qurbanovun ekstradisiya olunması həll edilmədiyi üçün təbii ki,o 650 min ABŞ dollarını E.Şirinovdan tələb edir. E.Şirinov da bu  fırıldaqçılardan Prezident İlham Əliyevə, Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevaya müraciətlər edir.    Müraciətlər hüquq-mühafizə orqanlarına göndərilsə də, oralarda ört-basdır edilir. Bundan sonra E.Şirinov üz tutur mətbuata və mən bu məsələ ilə bağlı jurnalist araşdırması apardığım üçün şərlənərək həbs olunuram. Mənim həbsimdən sonra mənə məlum olur ki, fırıldaqçı dəstənin üzvləri E.Şirinovu da hədələyiblər. O vaxtdan E.Şirinovdan bir xəbər olmadığı üçün sizin redaksiyanız vasitəsi ilə E.Şirinovdan soruşmaq istəyirəm ki, o haralardadır?” Mövzunu diqqətdə saxlayacayıq.

Şamil Həsənli

Legion.az üçün