Rüstəm Usubovun kürəkəni hələdə cinayət məsuliyyətinə cəlb olunmayıb?
Baş Prokurorun birinci müavini Rüstəm Usubovun ölkənin istintaq orqanlarına “evində qanqaraçılıq olmasın” prinsipi ilə nəzarət etməsi barədə 12 il azadlıqdan məhrum olunan jurnalist Mahmud Rasimoğlu Prezident İlham Əliyevə dəfələrlə müraciət etsə də, onun müraciətləri Prezident Administrasiyasından Baş Prokurorluğa göndərilib. M.Rasimoğlu həmin müraciətlərlə əlaqədar olaraq prokurorluqdan heç bir cavab almadığı üçün redaksiyamıza yeni müraciət ünvanlayıb.

Həmin müraciəti  təqdim edirik: “Hörmətli redaksiya, Rüstəm Usubovun özü və ailə üzvlərinin törətdikləri əməllərdən Prezident İlham Əliyevə açıq müraciət ünvanlamışam. Müraciətlərim Prezident Administrasiyasından Baş Prokurorluğa göndərilib. Prokurorluqdan müraciətlərimə cavab verilməməsini başa düşürəm.  
Axı mən keçmiş Baş Prokuror Zakir Qaralovun, Daxili İşlər naziri Vilayət Eyvazovun, Baş Prokurorluğun idarə rəisi Kamal Qılıcovun və onun qardaşı -Ali Məhkəmənin hakimi İlqar Qılıcovun törətdikləri bir çox cinayətlərdən jurnalist araşdırması apardığım üçün onların göstərişi ilə oğurlanaraq, DİN-in “Bandotdel” adlanan idarəsinin şöbə rəisi Məmmədov Müzəffər Qəzənfər oğlu tərəfindən şərlənərək, işgəncələrə məruz qalaraq, həbs olunmuşam. Ancaq  bu yaxınlarda Kamran Əliyev Baş Prokuror təyin olunandan sonra mən belə qərara gəldim ki, R.Usubov və onun kürəkənlərindən biri olan Zaur İmranovun törətdikləri əməllərdən ictimaiyyətə yeni məlumat verim.  
Belə ki, Z.İmranov Təhsil Nazirliyinin keçmiş şöbə müdiri Samir Məmmədov və onun əmisi oğlu- “Mədət” İctimai Birliyinin sədri Emin Məmmədovun 500 min  ABŞ dollar pulunu dələduzluq yolu ilə mənimsəyib. İki əmioğlu Z.İmranovun törətdiyi əməldən dəfələrlə Z.Qaralova müraciət etsələr də, müraciətlər R.Usubov və K.Qılıcov tərəfindən gizlədilib,üstəlik zərərçəkmişlərə Z.İmranov tərəfindən hədə-qorxu olub.   İnanıram ki, mənim bu müraciətimdən sonra Baş Prokuror K.Əliyev, R.Usubov və onun ailə üzvlərinin törətdikləri bir çox cinayət əməllərinin araşdırılmasına göstəriş verəcək. Gələn müraciətimdə Z.İmranovun Səhiyyə Nazirinin müavini Elsevər Ağayevin beş yüz min pulunu dələduzluq yolu ilə mənimsəməsi barədə ictimaiyyətə ətraflı məlumat verəcəm.

Öncədən dərin təşəkkürümü bildirirəm, həbsdə olan, sizin jurnalist Mahmud Rasimoğlu”