Səidə Qocamanlı jurnalistin ailəsinin müraciətinə cavab verdi
Xatırladaq ki, mayın 15-də şərlənərək 12 il azadlıqdan məhrum edilən jurnalist Mahmud Rasimoğlunun ailəsinin müraciətini dərc etmişdik. Müraciəti olduğu kimi diqqətinizə çatdırırıq: 

“Jurnalist Tağıyev Mahmud Rasim oğlu Baş Prokurorluğun, Ali Məhkəmənin və Azərbaycanın digər orqanlarının rəhbərliklərinin korrupsiya əməlləri barədə jurnalist araşdırması aparıb, məqalələr hazırladığına görə təxribata məruz qalaraq, qondarma ittihamla 12 il müddətinə azadlıqdan məhrum edilib.   Mahmud Tağıyev bir sıra hüquq müdafiəçiləri və insan hüquqları təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb, bu barədə AŞPA-ya da məlumat verilib. Lakin Mahmud Tağıyevin işi ilə bilavasitə məşğul olan Oqtay Gülalıyevə sui-qəsd cəhdindən sonra xaricdəki bir cüt hüquq müdafiəçisinin təşəbbüsü ilə M. Tağıyevin adı siyasi məhbus siyahısından çıxarıldı. Bunun səbəb, bir vaxtlar Mahmud Tağıyevin bu və buna bənzər “hüquq müdafiəçiləri” nin riyakarlıqları barədə tənqidi məqalələr yazması idi ki, bu da onun şəxsi nöqteyi-nəzəridir.
Müstəqil jurnalist olaraq, Mahmud  Tağıyev, partiya mənsubiyyətindən və sosial yönümündən asılı olmayaraq, fəaliyyətindəki neqativ hallar olan hər kəs barədə tənqidi məqalələr yazırdı və buna görə də şəxsi maraqları insan hüquqları fəaliyyətləri ilə qarışdırmaq düzgün deyil. AŞPA-nın 1900(2012) saylı qətnamə standartlarına zidd olaraq, kiminsə siyasi məhbus kimi tanınması məsələsinin uzurpasiya edilməsi və sövdələşmə obyektinə çevrilməsi cəhdi də düzgün deyil.   Mahmud Tağıyev üçün "siyasi məhbus" adı cəzadan çarə və ya hər hansı preferensiyalar üçün vasitə deyil, ilk növbədə, onun qanunsuz cinayət təqibinin siyasi tərəfi haqda dəlillərinin təsdiqidir. Mahmud Tağıyevin işi AŞPA-nın 1900 saylı (2012) “Siyasi məhbusun müəyyənləşdirilməsi” qətnaməsinin bütün meyarlarına uyğundur. Xahiş edirik ki, qeyd olunanların doğruluğuna əmin olasınız və Tağıyev Mahmud Rasim oğlunun Azərbaycan üzrə siyasi məhbuslar siyahısına daxil edilməsi məsələsini nəzərdən keçirəsiniz.   Hörmətlə, Şərlənərək 12 il azadlıqdan məhrum edilən jurnalist Mahmud Tağıyevin ailəsi” İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə xanım Qocamanlı jurnalistin ailəsinin müraciətinə cavab verib. Səidə Qocamanlı cavabında qeyd edib: “Məlumat üçün təşəkkür edirəm. Məsələ ondadır ki, o hüquq müdafiəçiləri çoxlarının həyatını məhv edib. Lakin bir mühüm fakt var.  Mahmudun taleyi burada, ölkədə həll olunur. Və o siyahımızda var! Və məhz burada biz onun sərbəst buraxılması üçün adını lazımi orqanlara göndərmişik. Buna görə də narahat olmayın. Biz Mahmud Tağıyev üçün mübarizə aparırıq və onun azad edilməsinə nail olacağıq”.