Onkoloji xəstəlikdən əziyyət çəkən ana oğluna görə prezidentə müraciət edir
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

  Surəti: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə    
Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Cəhri kənd sakini,Bakı şəhər, Xətai rayonu, Neapol küçəsi ev 41, mənzil 155 ünvanda yaşayan Quliyeva Nurdanə Hüseyn qızı tərəfindən

  MÜRACİƏT    
Möhtərəm Prezident!  
Siz həməşə kimsəsizlərin və köməyə ehtiyacı olanların köməyi və dayağı olmusunuz. Hazırda mənə qarşı baş vermiş haqsızlıq və özbaşınalıqla bağlı sizin qızıldan qiymətli vaxtınızı alaraq sizi narahat edirəm. Bildirirəm ki, mənim oğlum Həsənov Toğrul Sübhəddin oğlu 2005-ci ildən DİN-in Daxili Qoşunlarının 99713 saylı Hərbi hissəsində Xüsusi Təyinatlı dəstədə qrup komandiri vəzifəsində xidmət edib. 2013-cü ildə Daxili Qoşunların hərbi -həkim komissyası tərəfindən xəstə kimi tərxis olunub. Bu haqda Daxili Qoşunlar komandanı, hal-hazırda  müdafiə naziri olan general-polkovnik Zakir Həsənovun yazılı əmri var. 2014-cü ildən oğlum Toğrul 2-ci qrup əlildir!. Xidmət dövründə Nardaranda, Sabirabad rayonunda, Qusar rayonunda və  digər yerlərdə bir neçə əməliyyatlarda iştirak edib, xəsarət alıb, 2-ci qrup əlil olmuşdur. 2015-ci ildə əlilliyin təkrar birillik komissiyası üçün Xətai rayonu TSEK-inə(Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti) müraciət olunub. TSEK-də psixiatr olmadığı üçün 10 günlük xəstəxanada yatıb, epikriz gətirməyi məsləhət görülüb. Oğlum Həsənov Toğrul Sübhəddin oğlu Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Baş psixdispanserdə yatıb. 15 gündən sonra onu xəstəxanadan çıxartmışıq.

Həmin vaxt həftənin 5-ci, 6-cı gününə ,yəni 2015-ci il aprel ayının 17-si, 18-nə təsadüf etdiyi üçün 1-ci gün TSEK həkiminin təsdiqlədiyi diaqnozu yəni “Uzun sürən stomotogen xəstəliklər nəticəsində əmələ gəlmiş Ağır depresiv pozuntu” diaqnozu qoyulmuş epikrizi təqdim edəcəkdik, lakin həmin həftənin 6-cı günü, yəni 2015-ci il aprel ayının 18-i oğlum keçmiş MTN  tərəfindən həbs olunub.    Bizim haqqımız olduğu halda dəfələrlə müraciət etməyimizə baxmayaraq, nə TSEK-in nümayəndəsinin DTX-ya  gəlməsinə, nə də Toğrulun TSEK-ə göndərilməsinə icazə verilməyib. Biz Həsənov Toğrulun ailəsi olaraq “Forma-88” arayışını TSEK-ə təqdim etməyimizə baxmayaraq onlar həmin sənədin işin içində olmadığını dedilər.


Biz təkrarən “Forma-88” arayışını alarkən arayışın üstündə “təkrar” sözü yazılmışdır. TSEK-in baş həkimi Əli Əsgərov bildirdi ki, bizdə bu arayış yəni “Forma-88” var. Ancaq bir neçə gün sonra oğlumun pensiyasını soruşduqda Əli Əsgərov bildirdi ki, bütün sənədlər var, lakin bizim yadımızdan çıxıb sənədləri nazirliyə göndərməmişik. Hansısa vəzifəli şəxsin məsuliyyətsizliyi səbəbindən 5 (beş) nəfər ailə üzvünün və hazırda dustaq həyatı yaşayan oğlumun həyatı ilə oynamışlar. İndiyəcən oğlumun pensiyasını öz maraqlarına görə mənimsəmişlər və verməyi yubadırlar. Buna görə də Həsənov Toğrul Sübhəddin oğlunun əlillik pensiyasını ala bilmirik. Onu da bildirim ki, mən I qrup onkoloji xəstəyəm.  Ailənin heç bir yerdən gəliri yoxdur. Xahiş edirəm bizim göstərdiyimiz faktlar tanınsın və oğlum Həsənov Toğrul Sübhəddin oğlu həbsxanada olduğu üçün tələb edə bilmədiyinə görə onun 2015-ci il aprel ayından -qanunsuz dayandırıldığı vaxtdan pensiyasının bərpa olunmasında bizə köməklik edəsiniz.  

Quliyeva Nurdanə Hüseyn qızı