Azərbaycanda tariflər hansı əsaslarla müəyyənləşdirilir – Qiymət püşkatması
Vətəndaşlar poçt xidmətlərinin bahalığından şikayətçidirlər, üstəlik, pandemiya dövründə heç bir güzəşt olunmur   Bu günlərdə “Azərpoçt”un tarifləri artırdığı ilə bağlı məlumat yenidən gündəmə gəlib. Belə ki, daxili pul köçürmələrində hansısa rayona 300 manat pul göndərmək üçün 7,8 manat xidmət haqqı ödənilməlidir. Yəni məbləğin 2,6 faizi həcmində komissiya haqqı nəzərdə tutulur. Bu komissiya haqqının yuxarı həddi 1 faizi ötməməli olduğu halda, “Azərpoçt” bu həddi 2,6 faizə qaldırıb. Bu isə əhali arasında narazılığa səbəb olub.   Bəs, qiymətlər, əslində necə tənizmlənməlidir? Tariflərin yüksək olması nəyə əsaslanır?   Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, “Azərpoçt” MMC tərəfindən həyata keçirilən poçt xidmətləri və ya pul köçürmələrinin tariflərində hazırda hər hansı bir dəyişiklik edilməyib: “Poçt vasitəsilə ölkə daxilində 200,01 AZN-dən 400-AZN-dək məbləğdə həyata keçirilən pul köçürməsinin rüsumu 7.80 AZN təşkil edir. Digər məbləğlər üçün isə tariflər belədir: 20 AZN-dək 80 qəpik, 20,01 AZN-dən 50 AZN-dək 1.50 AZN, 50,01 AZN-dən 100 AZN-dək 2.70 AZN, 100,01 AZN-dən 200 AZN-dək 4.70 AZN, 400,01 AZN-dən  600 AZN-dək 9.60 AZN, 600,01 AZN-dən 800 AZN-dək 10.40 AZN, 800,01 AZN-dən 1000 AZN-dək 11 AZN, 1000,01 AZN-dən yuxarı hər tam və natamam 200 manat üçün əlavə olaraq 1 AZN rüsum tələb olunur”. Azərbaycanın Rabitə Nazirliyi ikinci "qaynar xətt" açıb Bildirilib ki, “Azərpoçt” MMC vasitəsi ilə pul köçürməsinin həyata keçirilməsinin üstünlüyü hər bir şəhər, rayon və kənddə poçt şöbəsinin olmasıdır: “Belə ki, vətəndaşlar bank filiallarının olmadığı ən ucqar kəndlərdə belə, poçt şöbəsinə yaxınlaşaraq bu xidmətdən istifadə edə bilərlər”.   Mövzunu AYNA-ya şərh edən iqtisadçı-ekspert Azər Mehtiyev qeyd edib ki, tarifin formalaşmasının əsaslandırması olmalıdır: “Yəni tariflər necə formlaşır, hansı xərclərdən ibarətdir, poçtların xidmətləri yerinə yetirərkən üzləşdiyi xərclər nə qədərdir - bunların əsasında tariflər müəyyən olunmalıdır. Təəssüf ki, Azərbaycanda qiymətlərin tənzimlənməsi və müəyyən olunması həyata keçirilərkən, əksər hallarda xərclərin necə formalaşması məsələsi diqqətdən kənarda qalır və ümumiyyətlə ictimaiyyətə açıqlama verilmir. Halbuki, tənzimlənən qiymətlərdə mütləq şəkildə vacibdir ki, xərclərin nədən ibarət olması hesablansın və bunun əsasında tariflərin necə formlaşması məlum olsun”.  “Lakin bu, yalnız sözügedən sektora aid olan məsələ deyil. Söhbət həm də kommunal sektorda qiymətlərin tənzimlənməsindən gedir. Qurumlar xərcləri istədikləri kimi şişirdir və yüksək tariflərlə xidmət göstərir. Təbii ki, bu istiqamətdə ən vacib məsələ həmin qurumların xərclərindəki şəffalığının aşkarlanmasıdır ki, bunun əsasında da tariflər haqqında fikir yürütmək mümkün olsun”, - deyə Mehtiyev bildirib.   İqtisadçı-ekspert Emin Qəribli də AYNA-ya açıqlamasında poçt xidmətinin vacibliyindən danışıb: “Məsələ bundadır ki, əhalinin əksəriyyəti elektron xidmətlərdən istifadə etmir və poçtlara müraciət edir. Lakin pandemiya dövrünün bir yaxşı tərəfi də odur ki, dünyada rəqəmsallaşma prosesi daha da sürətlənəcək. Yəqin ki, əhali də bu baxımdan maariflənəcək. Digər tərəfdən, ölkə Prezidenti İlham Əliyev pandemiya dövrü olduğuna görə, əhaliyə müəyyən güzəştlərin edilməsi ilə bağlı fikirlər bildirib. Nəzərə də alsaq ki, insanların sosial vəziyyəti yaxşı deyil, yəqin ki, “Azərpoçt” bu məsələyə yenidən baxacaq”.   “Lakin az öncə vurğuladığım kimi, proses rəqəmsallaşamaya doğru getdiyi üçün poçtlara da tələbat azalacaq və “Azərpoçt” tarifləri aşağı salmağa məcbur olacaq. Ona görə də zənnimcə, onlar da rəqabət qabiliyyətini artırmaq üçün müasir rəqəmsallaşamaya doğru getməli və qiymətləri də buna müvafiq təyin etməlidirlər”, - deyə Qəribli əlavə edib.  
Müəllif: Mərahim Nəsib