Gürcüstan müxalifəti “Keşiçkidağ” gərginliyinə görə hökuməti qınadı
““Keşiçkidağ” məsələsi ərafında təxribatlara yol verilməməsi və vəziyyətin daha da ağırlaşmamasına görə Gürcüstan hökuməti məsuliyyət daşıyır”. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə müxalif Avropalı Gürcüstan Partiyasının deputatı Sergi Kapanadze bildirib. Onun sözlərinə görə, məsələ təxribatlarla deyil, yalnız danışıqlar yolu ilə həll oluna bilər: “Son illərdə problem hökumətin bəyanatları və yanlış addımları nəticəsində daha da kəskinləşib. Dost Azərbaycanla danışıqlar yolu ilə bu məsələ həll oluna bilər və bütün diqqət buna yönəldilməlidir”. Digər müxalif deputat, Vahid Milli Hərəkat Partiyası fraksiyasının rəhbəri Roman Qotsiridze hesab edir ki, “Keşikçidağ”la bağlı vəziyyət bir il əvvəlkindən daha da çətinləşib: “Bunun da səbəbi Gürcüstan prezidentinin məsuliyyətsiz hərəkətləri və bəyanatları olub. Prezident və hökumət mövcud vəziyyətə görə cavabdehlik daşımalıdır”. Parlament üzvü bildirib ki, Azərbaycan tərəfi məsələ ilə bağlı təmkinli davranır: “Məsələ obyektiv həll olunmalı və mübahisəli hissələr barədə iki dövlət arasında razılıq əldə edilməlidir”.