Azərbaycanda anomal istilər gözlənilir – baş hidroloq
Azərbaycanda builki yay dövründə ayrı-ayrı günlərdə anomal isti günlərin olacağı istisna edilmir. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin baş hidroloqu Asif Verdiyev deyib. Onun sözlərinə görə, adətən, yay dövründə anomal istilər iyul-avqust aylarının ayrı-ayrı günlərində müşahidə edilir: “Statistik məlumatlar da onu göstərir ki, əvvəllər davamlı anomal isti günlər 1-2 gün davam edirdisə, artıq son illərdə belə günlər davamlı olaraq, 1 həftəyədək müşahidə edilir. Bu da o deməkdir ki, ilbəil istiləşmə olur”. A.Verdiyev əlavə edib ki, Bakı və Abşeron yarımadasında 35 dərəcədən yüksək temperaturun qeydə alındığı günlərin sayı artıb. Mütəxəssis bunun iqlim dəyişikliyi ilə əlaqədar olduğunu söyləyib: “Son məlumatlar onu göstərir ki, iyul-avqust ayları Azərbaycanda yayın ən isti aylarıdır. Yay aylarında Bakıda ən yüksək temperatur 2015-ci il 4 avqustda 41,2 dərəcə, 2017-ci il 9 avqustda 42,6 dərəcə, 2018-ci il 1 iyulda 42,7 dərəcə isti olmaqla qeydə alınıb”.