Ekspertin epidemiya üçün təklif etdiyi “ünvanlı məhdudlaşdırma” nə deməkdir?
"Bakıda fəaliyyət göstərən bütün iaşə obyekləri bağlanmalıdır”. Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Samir Əliyev ünvanlı məhdudlaşma tədbirlərinin həyata keçilməsindən danışarkən deyib. Samir Əliyev bildirib ki, parklarda fəaliyyət göstərən iaşə obyektləri bağlanmalıdr: "Bizdə bir müddət karantin oldu. İnsanların koronavirusa yoluxma sayı azaldı. Sonradan yumşalmaya keçən kimi yoluxma sayı artmağa başladı. Buna görə isə karantin şərtlərini daha da sərtləşdirdilər. Göründüyü kimi, belə halda mexanizm qısa müddətli effekt verir. Sonrakı dövrlərdə problem yaradır. Bu, belə davam edə bilməz. Çünki bu, izolyasiyadan öncə və sonra camaat daha çox kompakt yerlərə yığışır. Bu da iki günlük effekti tam aşağı salır. Xüsusi ilə də yay dövründə belə bir mexanizm düzgün deyil. Ünvanlı olmalıdır. Ünvanlı nə deməkdir? Əhalinin kompakt şəkildə bir yerə toplaşdığı məkanların bağlanmasını nəzərdə tuturam. Düşünürəm ki, insanların parkda gəzməsi çox normal haldır. Amma parklarda fəaliyyət göstərən uşaq əylənçə yerləri, çayxanalar və s. kimi əyləncə məkanları bağlanmalıdır. İnsanların parkda gəzməsinə problem yaradılmamalıdır”. Samir Əliyev hesab edir ki, metronun fəlaiyyətində də bəzi məhdudlaşdırılma aparılmalıdır: "İnsanların daha çox yoluxduğu məkan ictimai nəqliyyatdır. Metronun işə salınması bir qədər tez oldu. Düşünürəm ki, metro bağlanmalıdır. Ola bilsin ki, müəyyən pik yüklənmənin qarşısını almaq üçün metronun məhdud istifadəsinə yol verilə bilər. Məsələn, stansiyaların hamısı deyil, bəziləri işləyə bilər. "İçəri şəhər”, "28 may”, "Neftcilər” və "Həzi Aslanov” stansiyaları xətti üzrə hərəkət davam etsin. Yəni, yük azalsın, insanlar çox istifadə etməsin. Və avtobusların intervalı azaldılamılıdır ki, yüklənmə olmasın. Sonra ictimai iaşə obyektləri - "Mado”, "McDonalds" kimi məkanlarda əhali kütləvi şəkildə toplaşır. Əhalinin sıx toplaşdığı məkanların hamısı bağlanmalıdır”.