SN: Sabah ilk könüllülərə Covid-19 əleyhinə peyvənd vurulacaq
Yeni koronavirus COVID-19-a qarşı iki növ peyvəndin (maye və liofilizə olunmuş) klinik sınaqları Moskvadakı iki tibb müəssisəsində aparılacaq, ilk könüllülər sabah, 18 iyunda peyvənd ediləcəklər. 
Qaynarinfo xəbər verir ki, bu haqda Rusiya Federasiyası Səhiyyə Nazirliyinin mesajında deyilir.
Peyvəndlər Burdenko Hərbi Xəstəxanası və Seçenov Universitetində sınaqdan keçiriləcək. Testdə hər biri 38 nəfərdən ibarət iki könüllü qrup iştirak edəcəkdir.
Qamalay adına Federal Dövlət Büdcə Elmi Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzi tərəfindən hazırlanmış peyvəndin klinik sınağını keçirməyə icazə Səhiyyə Nazirliyi tərəfindən 16 iyunda verilib. Səhiyyə Nazirliyindən bildirilib ki, pandemiya zamanı bilavasitə klinik sınaq keçirmək unikal bir hal olduğu üçün görünməmiş tədbirlər alınıb. Belə ki, araşdırmada iştirak edəcək potensial iştirakçılar müşahidə üçün iki həftə sanatoriyada qalıblar.
Peyvənddən sonra könüllülər xəstəxana şəraitində 28 gün təcridxanada qalacaqlar. Həkimlər onların sağlamlıq vəziyyətlərini, peyvəndin immunogenliyini qiymətləndirmək üçün qan testləri aparacaq və peyvəndə mənfi reaksiyaların olmamasını izləyəcəklər. Bundan başqa, bədənin immun reaksiyasının meydana gəlməsi müxtəlif parametrlərlə izləniləcək. Xəstəxanadan çıxdıqdan sonra isə araşdırma aparan həkimlər altı ay ərzində könüllülərin sağlamlıq vəziyyətini nəzarətdə saxlayacaqlar.